Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda inflyasiyanın tədricən yavaşlayacağını və 2028-2031-ci illərdə 4 faiz səviyyəsində sabitləşəcəyini gözləyir.
Milli.Az xəbər verir ki, fondun proqnozlarına əsasən, Azərbaycanda istehlak qiymətləri indeksi 2026-cı ildə 6 faiz təşkil edəcək, bundan sonra 2027-ci ildə 4,2 faizə enəcək və 2028-2031-ci illərdə hər il 4 faiz səviyyəsində sabitləşəcək.
Müqayisə üçün qeyd olunur ki, ölkədə inflyasiya 2023-cü ildə 2,1 faiz təşkil edib, 2024-cü ildə 4,9 faizə yüksəlib və 2025-ci ildə 5,2 faizə çatıb.
"İnflyasiyanın Yaxın Şərqdəki müharibə səbəbindən idxal olunan ərzaq inflyasiyasının artması fonunda 2026-cı ilin sonuna qədər 6 faizə yüksələcəyi gözlənilir ki, bu da real gəlirləri və tələbi azalda bilər. Bununla yanaşı, cari əməliyyatlar balansının profisitinin karbohidrogen qiymətlərinin artması hesabına 2026-cı ildə əhəmiyyətli dərəcədə artacağı, daha sonra isə orta müddətli perspektivdə tədricən azalacağı gözlənilir", - BVF-nin hesabatında bildirilir.
BVF hesab edir ki, inflyasiya təzyiqləri davam edərsə, Mərkəzi Bank əsas faiz dərəcəsini artırmalıdır. Eyni zamanda qeyd olunur ki, proqnoz dövründə inflyasiyanın azalacağı gözlənsə də, yüksək xarici qeyri-müəyyənlik və Yaxın Şərqdə davam edən münaqişə səbəbindən qiymət artımı riskləri fonunda inflyasiya risklərini diqqətlə izləmək və mümkün kənarlaşmalara operativ reaksiya vermək vacibdir.
Fond həmçinin vurğulayır ki, Mərkəzi Bank pul-kredit siyasətini həyata keçirərkən inflyasiya proqnozlarına əsaslandıqca, aydın və perspektivə yönəlmiş kommunikasiya daha da vacib olur.
"Banklararası bazarda faiz dərəcələri əsas faiz dərəcəsinə yaxın qalır ki, bu da AMB tərəfindən artıq likvidliyin effektiv idarə olunmasını əks etdirir. Bununla belə, monetar siyasətin iqtisadiyyata ötürülməsini yaxşılaşdırmaq üçün risksiz gəlirlilik əyrisinin daha da inkişaf etdirilməsi, eləcə də dollarlaşmanın, yüksək əməliyyat xərclərinin və bank sektorunda aşağı rəqabətin azaldılması daxil olmaqla struktur islahatlarının davam etdirilməsi tələb olunacaq", - BVF-nin hesabatında qeyd olunur
Milli.Az