Hanoyda Fidan Hacıyevanın və Vyetnamlı sənətçilərin iştirakı ilə “Arşın mal alan” operettası təqdim olunub - VİDEO - FOTO

27 May 2026 17:12

Vyetnamın paytaxtı Hanoyda, Ho Guom Opera binasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 108-ci ildönümünə, 28 May - Müstəqillik Gününə və Vyetnam ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasının birinci ildönümünə həsr olunmuş təntənəli musiqili gecə keçirilib. Bu barədə tədbirin iştirakçısı, Xalq artisti Fidan Hacıyeva məlumat verib.

Konsert proqramında tanınmış vyetnamlı ifaçılar və musiqiçilər də iştirak ediblər.

Bayram gecəsində görkəmli Azərbaycan və Vyetnam bəstəkarlarının əsərləri səsləndirilib. Proqramda Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin əfsanəvi "Arşın mal alan" operettasına xüsusi yer ayrılıb. Tamaşaçılara əsərdən mahnılar vyetnam dilində təqdim olunub (tərcümə Gülnar Sultanovaya məxsusdur). İlk dəfə 1913-cü ildə səhnəyə qoyulan "Arşın mal alan" Şərq musiqili teatrının ən möhtəşəm əsərlərindən biri hesab olunur və dünyanın 80-dən çox ölkəsində müxtəlif dillərdə nümayiş etdirilib.

Proqramda həmçinin böyük bəstəkar Qara Qarayevın "Vyetnam" süitası və məşhur vyetnamlı bəstəkar Çin Konq Şonun əsərləri səsləndirilib.

Fidan Hacıyevanın sözlərinə görə, o, artıq ikinci ildir ki, qürur hissi ilə Azərbaycanı Vyetnamda təmsil edir. Müğənni Azərbaycan mədəniyyətinin təbliğinə göstərilən diqqətə görə Azərbaycanın Vyetnamdakı səfirliyinə və səfir Şövqi Mehdizadəyə dərin təşəkkürünü bildirib.

"Biz böyük sevgi ilə "Arşın mal alan" operettasını təqdim etdik. Gecənin sonunda isə məşhur vyetnam mahnısı "Noi vong tay lon"u - "Gəlin əl-ələ verək" mahnısını Azərbaycan dilində ifa etdim. Yaşasın Azərbaycan-Vyetnam dostluğu və bizi birləşdirən musiqi", - deyə sənətçi bildirib.

Gecə tamaşaçıların sürəkli alqışları ilə başa çatıb. İştirakçılar iki ölkə arasında əsl mədəni dialoq ab-havası yaradan sənətçiləri və musiqiçiləri böyük rəğbətlə qarşılayıblar. Musiqi layihəsi Azərbaycan-Vyetnam münasibətlərinin, xalqlar dostluğunun və mədəni birlik ideyasının parlaq təcəssümünə çevrilərək, incəsənət və musiqinin sərhəd tanımadığını bir daha nümayiş etdirib.

Milli.Az