Rusiya prezidenti Vladimir Putin Astanaya dövlət səfəri ərəfəsində "Kazaxstanskaya pravda" qəzetində Moskva və Qazaxıstanın strateji tərəfdaşlığından bəhs edən məqalə dərc etdirib.
Milli.Az xəbər verir ki, Rusiya lideri məqaləsində iki ölkə arasındakı münasibətlərin müxtəlif sahələrdəki perspektivlərinə toxunub.
V. Putin qeyd edib ki, Xəzər Boru Kəməri Konsorsiumu Rusiya ərazisindən keçməklə Qazaxıstan neftinin ixracının 80%-dən çoxunun dünya bazarlarına daşınmasını təmin edir. Onun sözlərinə görə, Rusiyanın Qazaxıstan iqtisadiyyatına qoyduğu investisiyaların ümumi həcmi artıq təxminən 30 milyard dollara çatıb.
Rusiya prezidenti həmçinin bildirib ki, ölkənin dayanıqlı enerji təchizatını təmin etmək məqsədilə "Qazprom"un iştirakı ilə Qazaxıstanın qaz nəqliyyatı infrastrukturunun optimallaşdırılması planlaşdırılır.
Kosmik sahədəki əməkdaşlığa xüsusi diqqət çəkən Putin, Rusiya-Qazaxıstan birgə layihəsi olan "Soyuz-5/Sunkar" raketinin kosmosa buraxılmasını mühüm addım kimi qiymətləndirib.
Məqalədə iki ölkə arasındakı tərəfdaşlığın qarşılıqlı hörmət və etimad prinsipləri üzərində qurulduğu vurğulanır. Putin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə "həqiqətən dostluq və səmimi münasibətlərə" sahib olduqlarını bəyan edib.
Rusiya lideri "geosiyasi turbulentlik" şəraitində Rusiya və Qazaxıstanın beynəlxalq birliklərdəki müştərək fəaliyyətinin vacibliyini qeyd edib, həmçinin "Şimal-Cənub" və "Avropa-Qərbi Çin" nəqliyyat dəhlizlərinin inkişafının əhəmiyyətini önə çəkib.
Bundan əlavə, Putin Astanada ikinci "Sirius" təhsil kompleksinin açılması barədə razılığın əldə olunduğunu bildirib.
"Qazaxıstan-Sirius" məktəbinin və istedadlı uşaqlar, eləcə də gənclərlə iş üzrə Mərkəzin 2029-cu ilə qədər fəaliyyətə başlaması planlaşdırılır.
Məqalədə o da qeyd olunub ki, Rusiya Qazaxıstana populyasiyanın bərpası proqramı çərçivəsində vəhşi təbiətə buraxılacaq dörd Amur pələngi hədiyyə edib. /Musavat.com
Milli.Az