“90 illik irs” adlı yubiley konsertlər silsiləsi çərçivəsində möhtəşəm konsert proqramı təqdim olundu - FOTO

26 May 2026 23:20

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "90 illik irs" adlı yubiley konsertlər silsiləsi çərçivəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri solistlərinin iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olundu.

Gecədə orkestrə baş dirijor, Əməkdar artist Fuad İbrahimov rəhbərlik etdi. Konsert proqramı dünya klassik musiqisinin görkəmli nümayəndələrinin əsərləri ilə zəngin idi.
İlk olaraq N.Rimskiy-Korsakovun trombon və orkestr üçün B-dur konserti səsləndirildi. Üç hissədən ibarət əsərin solisti trombon ifaçısı Nemət Tanrıverdiyev oldu. Daha sonra D.Popper-in "Tarantella" G-dur, op.33 əsəri violonçel ifaçısı , Əməkdar artist Əyyub Əliyevin təqdimatında dinləyicilərə təqdim edildi.

Konsert proqramında həmçinin H.Wieniawski-nin "Legend" op.17 əsəri Xədicə Hacılının (violin) ifasında səsləndi. Felix Mendelssohn-un violin və orkestr üçün məşhur e-moll, op.64 konsertinin I hissəsi isə fleyta ifaçısı, Əməkdar artist Nicat Salmanovun iştirakı ilə təqdim olundu.

Gecənin davamında C.Saint-Saëns-ın "İntroduksiya və Rondo-Kapriççiozo" a-moll, op.28 əsərini violin ifaçısı Kənan Məmmədzadə məharətlə səsləndirdi. Azərbaycan bəstəkarlıq məktəbinin nümayəndəsi Musa Mirzəyevin "Poema-noktürn" əsəri isə Nəcəf Vəliyevin (trumpet) ifasında dinləyicilər tərəfindən rəğbətlə qarşılandı.

Konsert proqramı E.W.Korngold-un violin və orkestr üçün D-dur, op.35 konsertinin I hissəsi ilə yekunlaşdı. Əsərin solisti violin ifaçısı Zərrin Əliyeva oldu.

Bu konsert yüksək peşəkarlıq və zəngin musiqi proqram ilə dinləyicilərə unudulmaz musiqi axşamı yaşatdı.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az