"Bir neçə gündən sonra Azərbaycanda Müstəqillik Günü qeyd olunacaq. Müsəlman Şərqində qadınlara ilk dəfə seçmək və seçilmək hüququ verən ölkə olan Azərbaycanda qadınlar bu gün cəmiyyətin müxtəlif sahələrində aktiv fəaliyyət göstərirlər. Dövlət tərəfindən atılan mühüm addımlar nəticəsində Azərbaycan qadınının nüfuzu həm ölkə daxilində, həm də beynəlxalq arenada daha da yüksəlib. Görülən işlər qanunvericilik bazasının möhkəmlənməsinə və Azərbaycanın bu sahədə beynəlxalq reytinqlərdə mövqeyinin güclənməsinə səbəb olub".
Bunu deputat Vüqar Bayramov Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasında deyib.
O əlavə edib ki, işçi qüvvəsində qadınların sayı 2 milyon 571 min nəfərdir. Bununla yanaşı, qadınların orta aylıq əməkhaqqı kişilərin orta aylıq əməkhaqqının 69,1 faizinə bərabərdir. Beynəlxalq təcrübəyə görə isə bu göstərici adətən 70-80 faiz arasında dəyişir:
"Təbii ki, bunun müəyyən obyektiv səbəbləri var. Çünki qadınların ən çox çalışdığı sahələrdən biri təhsil sektorudur. Belə ki, əmək müqaviləsi ilə çalışan 722 mindən çox qadının 202 mindən çoxu məhz təhsil sahəsində fəaliyyət göstərir. Bu isə muzdla çalışan qadınların 33,6 faizinin təhsil sektorunda işləməsi deməkdir. Səhiyyə və sosial xidmət sahələri də qadınların xüsusi çəkisinin yüksək olduğu digər mühüm sektorlardır. Amma nəzərə almaq lazımdır ki, Azərbaycanda ən yüksək orta aylıq əməkhaqqı əsasən maliyyə sektorunda müşahidə olunur. Bu sahələrdə çalışan qadınların sayı az olduğuna görə, nəticədə qadınlarla kişilər arasında orta aylıq əməkhaqqı fərqi yaranır. Bu kontekstdə minimum əməkhaqqı qanunvericiliyinin təkmilləşdirilməsi mühüm addım oldu. Xüsusilə qadınların nisbətən aşağı əməkhaqqı hesab olunan sahələrdə çalışması ilə bağlı mövcud məhdudiyyətlərin aradan qaldırılması praktik olaraq qadınlarla kişilər arasındakı maaş fərqinin azalmasına gətirib çıxaracaq"./yenisabah/
Milli.Az