Pekində Heydər Əliyev Fondu və Çin Musiqi Konservatoriyası arasında gələcək əməkdaşlıq sahələri müzakirə edilib.
Milli.Az xəbər verir ki, bu musiqi ocağının Kommunist Partiyasının katibi Vanq Südonq (Wang Xudong) Heydər Əliyev Fondu ilə mövcud əlaqələrdən məmnunluğunu ifadə edib. Vanq Südonq Çin Musiqi Konservatoriyasının ölkənin musiqi təhsili verən nüfuzlu ali məktəblərindən biri olduğunu qeyd edib. O, Azərbaycanla musiqi incəsənəti sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb. Söhbət zamanı həmin istiqamətdə Heydər Əliyev Fondu ilə birgə fəaliyyət imkanları müzakirə olunub.
Heydər Əliyev Fondunun nümayəndəsi, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov Çin dilinin və mədəniyyətinin Azərbaycanda tanıdılması istiqamətində Fondun həyata keçirdiyi layihələrin səmərəli nəticələrini qeyd edib. Bildirilib ki, milli musiqimizin Çin kimi zəngin mədəni irsə malik bir ölkədə tanıdılması iki xalq arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək.
Görüşdə tələbələr və professor-müəllim heyəti ilə Azərbaycan musiqi irsi, milli musiqi alətləri, muğam, caz, etno-caz və Azərbaycan caz ənənələri barədə fikir mübadiləsi aparılıb, Azərbaycan musiqisinin müxtəlif nümunələri ifa olunub. Heydər Əliyev Fondu tərəfindən Çin Musiqi Konservatoriyasına hədiyyə edilən Azərbaycan mədəniyyəti haqqında kitabların təqdimatı olub.
Eyni zamanda Azərbaycan incəsənət xadimləri çinli tələbələr üçün ustad dərsləri keçib. Çinin tanınmış zurna ifaçısı Zhang Qianyuan Azərbaycana səfəri zurna musiqi alətində öyrəndiyi Azərbaycan havalarından parçalar ifa edib və mədəniyyətimizlə bağlı təəssüratlarını bölüşüb.
Milli.Az