Pandemiyadan sonra ilk dəfə Bakı-Tbilisi istiqamətində sərnişin qatarı fəaliyyətə başlayır.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ilk reys bu gün saat 23:10-da Bakı Dəmiryol Vağzalından yola düşəcək.
Qatarın səhər saatlarında Tbilisiyə çatması nəzərdə tutulur.
İlk reysin sərnişinlərindən biri də elə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, "Azərbaycan Dəmir Yolları" QSC-nin İdarə Heyətinin sabiq sədri Cavid Qurbanovdur.
Azərbaycan Dəmir Yollarından (ADY) bildirilib ki, reyslər İsveçrənin "Stadler Rail Group" şirkətinin istehsalı olan müasir yataq tipli vaqonlarla həyata keçiriləcək.
Qatarlarda restoran bölməsi və müxtəlif komfort sinifləri mövcuddur. İlkin hərəkət cədvəlinə əsasən, qatarlar hər gün Bakıdan saat 23:10-da çıxacaq və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Tbilisidən Bakıya isə saat 21:00-da yola düşərək səhər saatlarında paytaxta çatacaq.
Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq veriləcək.
Milli.Az