Nəhayət, 6 ildən sonra Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin daşımalarını bərpa edilir və ilk reys bu gün saat 23:10-da Bakıdan yola salınacaq.
Milli.Az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib.
O, xatırladıb ki, hər gün Bakıdan saat 23:10-da, Tbilisidən isə saat 21:00-da qatarlar hərəkət edəcək:
"Qatarlar Bakı Dəmiryol Vağzalından başqa, Biləcəri stansiyasında, Yevlax stansiyasında, Gəncə Dəmiryol Vağzalı və Ağstafa və Böyük Kəsik stansiyalarında da dayanacaq. Gürcüstanda isə Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında sərnişinlərə xidmət göstəriləcək. Qatarın yolda olma müddəti 9 saat yarımdır. Bunun 2 saatı - 1 saatı Azərbaycan sərhədi, 1 saatı isə Gürcüstan sərhədi olmaqla, sərhəd və gömrük yoxlanışlarına sərf olunacaq".
Qurum rəsmisi qiymətlərin dəyişməsi ehtimalları barədə də danışıb.
"O ki qaldı daha ucuz, daha aşağı tarifli biletlər üzrə sərnişindaşımaya, ADY gələcəkdə bu imkanlara da baxacaq. Sərnişinlərin daha aşağı tarifli səyahət imkanları araşdırılacaq".
Milli.Az