Uillyam Samoei Ruto Prezident İlham Əliyevi təbrik edib

25 May 2026 19:56

Keniya Prezidenti Uillyam Samoei Ruto Müstəqillik Günü ilə bağlı azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az məktubu təqdim edir:

"Zati-aliləri.

Keniya Respublikasının Hökuməti və xalqı adından, eləcə də öz adımdan Sizə və Azərbaycan xalqına ölkənizin müstəqilliyinin 108-ci ildönümü münasibətilə ən səmimi təbriklərimi çatdırıram. Bu tarixi gün Azərbaycan xalqının azadlıq, müstəqillik və milli birlik əzmini təcəssüm etdirir.

Bu əlamətdar bayramı qeyd edərkən, xalqlarımızın qarşılıqlı faydası naminə tərəfdaşlığımızı daha yüksək strateji səviyyələrə qaldırmaq üçün Zati-alinizlə sıx əməkdaşlığı davam etdirməyə hazır olduğumu bir daha təsdiqləyirəm.

Həmçinin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının uğurla keçirilməsinə görə Sizi təbrik edirəm. Əminəm ki, Forumun nəticələrinin həyata keçirilməsi Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulan şəhər və yaşayış məntəqələrinin açıqlığının, təhlükəsizliyinin, davamlılığının və ekoloji dayanıqlılığının təmin edilməsinə əhəmiyyətli dərəcədə töhfə verəcəkdir.

Azərbaycana səfərim zamanı keçirdiyimiz görüşlər ölkələrimiz arasında münasibətlərin dərinləşməsinə yeni təkan verəcəkdir.

Zati-alinizi bir daha bu tarixi gün münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Milli.Az