Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda yeni təyinat olub.
Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, Qurbanov Fərhad Talıb oğlu 2026-cı ilin may ayından etibarən Dövlət Sosial Müdafiə Fondunun Aparatının Fərdi uçota nəzarət, sosial sığorta və icbari sığorta departamentinin müdiri vəzifəsinə təyin olunub.
2020-2025-ci illərdə Dövlət Sosial Müdafiə Fondunun Aparatının Fərdi uçota nəzarət və sosial sığorta departamentinin Sosial sığorta şöbəsinin müdiri, 2026-cı ilin yanvar ayından etibarən Fərdi uçota nəzarət, sosial sığorta və icbari sığorta departamentinin müdir müavini vəzifələrində fəaliyyətini davam etdirib.
1992-1997-ci illərdə Azərbaycan Texniki Universitetində Nəqliyyatın iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə bakalavr dərəcəsi qazanıb. 1997-ci ildə NORD Elmi-İstehsalat Birliyində mühəndis-iqtisadçı kimi əmək fəaliyyətinə başlayıb, müxtəlif vəzifələrdə uğurlu fəaliyyət göstərib. 1997-2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib, ehtiyatda olan zabitdir.
2001-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda müxtəlif vəzifələrdə çalışıb. 2001-2005-ci illərdə Suraxanı rayon şöbəsinin Gəlirlər sektorunda müfəttiş, 2005-2019-cu illərdə Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş departamentinin Proqnoz, uçot və təhlil sektorunda aparıcı məsləhətçi, 2019-2020-ci illərdə Bakı şəhər İdarəsinin Sosial müavinətlər sektorunda aparıcı məsləhətçi, daha sonra Fondun Aparatının Fərdi uçota nəzarət və sosial sığorta şöbəsinin Sosial sığorta sektorunda məsləhətçi vəzifəsində çalışıb.
Milli.Az