21-22 may 2026-cı il tarixlərində Böyük Britaniyanın Şərqi İngiltərə Universitetinin (University of East Anglia) Sainsbury Mərkəzində "Təbiətlə həmrəylik: dünya sosializminin ekoloji irsini yenidən düşünmək" adlı beynəlxalq SAVA konfransı keçirilib.
Konfrans çərçivəsində sosializmin ekoloji irsinin incəsənət, mədəniyyət və alternativ düşüncə kontekstində yenidən nəzərdən keçirilməsi, 1960-cı illərdən etibarən formalaşan ekoloji hərəkatlar, təbiətin qorunması təşəbbüsləri və sənətin bu proseslərdəki rolu müzakirə olunub.
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova "Azərbaycanda nonkonformist incəsənət və son sosializm dövrünün ekoloji tənqidi" mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə sovet dövründə sənayeləşmə və neft sənayesinin Azərbaycan incəsənətinə təsiri, Abşeronun sənaye landşaftının rəssamların yaradıcılığında yaratdığı ekoloji və fəlsəfi düşüncə xətti diqqətə çatdırılıb. Cavad Mircavadov, Tofiq Cavadov, Rasim Babayev, Əşrəf Murad və Qorxmaz Əfəndiyev kimi sənətkarların yaradıcılığı üzərindən təbiət, sənaye, insan münasibətlərinin bədii interpretasiyası təhlil olunub.
Çıxış zamanı Azərbaycan Milli İncəsənət Muzeyində təqdim olunan "Altmışıncılar nəsli: konformizmdən kənar Azərbaycan incəsənəti" adlı daimi ekspozisiyanın malik olduğu vacib əhəmiyyət vurğulanıb.
Məruzə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Milli.Az