Mütəxəssislər qadınlarda maqnezium çatışmazlığının geniş yayıldığını və bunun bir çox hallarda diqqətdən kənarda qaldığını bildirirlər.
Milli.Az xəbər verir ki, yorğunluq, halsızlıq və əzələ zəifliyi kimi əlamətlər bəzən sadə yorğunluq hesab edilsə də, bu vəziyyət orqanizmdə maqnezium azlığının göstəricisi ola bilər.
Dietoloqların sözlərinə görə, hamiləlik, menstruasiya, hormonal dəyişikliklər və stress qadınlarda maqneziuma olan tələbatı artırır. Hormonal kontraseptivlərdən istifadə, polikistik yumurtalıq sindromu, endometrioz və osteoporoz kimi hallar da çatışmazlıq riskini yüksəldir.
Maqnezium çatışmazlığının əsas əlamətləri arasında iştahasızlıq, ürəkbulanma, yorğunluq və əzələ spazmları yer alır. Ağır hallarda isə titrəmə, qıcolma və ürək ritmində pozuntular müşahidə oluna bilər.
Mütəxəssislər qeyd edirlər ki, qan analizi hər zaman orqanizmdəki real maqnezium səviyyəsini tam göstərmir. Buna görə də davamlı simptomlar olduqda həkim məsləhəti almaq tövsiyə edilir.
Milli.Az