Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR

25 May 2026 14:56

"Ukrayna Azərbaycanlıları Alimlər Şurası" İctimai Təşkilatının sədri Arif Quliyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, məktubda qeyd olunub:

"Möhtərəm cənab Prezident.

"Ukrayna Azərbaycanlıları Alimlər Şurası" İctimai Təşkilatının üzvləri olan soydaşlarımız adından və şəxsən öz adımdan Zati-alinizə və bütün xalqımıza 28 May - Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan böyük şərəf və məmnunluq duyuruq.

Müstəqillik Günü Azərbaycan xalqının milli yaddaşının ən şanlı səhifələrindən biridir və onun azadlıq, istiqlaliyyət arzularının həyata keçdiyi tarixi dönüş nöqtəsidir. Bu il Müstəqillik Günü müqəddəs Qurban bayramı ilə eyni vaxta təsadüf edir və bu, milli azadlıq ideallarının şəfqət, xeyirxahlıq, həmrəylik kimi ali mənəvi dəyərlərlə vəhdətini əyani şəkildə təcəssüm etdirir, eyni zamanda xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə və zəngin milli-mənəvi dəyərlərinə möhkəm bağlılığını göstərir.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan beynəlxalq miqyasda böyük nüfuz qazanmış və söz sahibinə çevrilmişdir. Bu gün ölkəmiz dünyada etibarlı və ciddi tərəfdaş kimi tanınır, müstəqil siyasət həyata keçirir, sülhə, sabitliyə, əməkdaşlığa mühüm töhfələr verir.

Hörmətli cənab Prezident, Sizin rəhbərliyinizlə qazanılan möhtəşəm zəfərlər xalqımızla yanaşı, xaricdə yaşayan bütün azərbaycanlılar tərəfindən də böyük qürurla, sevinclə və minnətdarlıqla qarşılanır.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Azərbaycan xalqına davamlı sülh, rifah və tərəqqi arzulayırıq".

Milli.Az

__________________

Mərkəzi Asiya Mediatorlar Konsorsiumunun həmsədrləri Jandilda Jakupov və Gülsina Kojoyarova Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

Milli.Az xəbər verir ki, məktubda qeyd olunub:

"Hörmətli cənab Prezident.

Sizi Mərkəzi Asiya Mediatorlar Konsorsiumu adından 28 May - Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik. Bu əlamətdar bayram xalqınızın müstəqillik əzmini, milli birliyini və mənəvi dəyərlərə bağlılığını aydın şəkildə təcəssüm etdirir.

Türk dövlətlərinin liderləri ilə səmimi dostluğunuz bizim fəaliyyətimizə birbaşa müsbət təsir göstərir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qırğızıstan Prezidenti Sadır Japarov ilə dostluq və qardaşlıq əlaqələriniz ölkələrimizin peşəkar birlikləri arasında əməkdaşlığın möhkəmləndirilməsində və inkişaf etdirilməsində mühüm rol oynayır.

Sizin rəhbərliyinizlə Azərbaycan regionda sülhün, sabitliyin və əməkdaşlığın təbliğatçısına çevrilib. Türk dünyasının birliyinin və beynəlxalq səviyyədə etimadın gücləndirilməsi üzrə səyləriniz bütün dövlətlər üçün nümunədir.

Sizin tərəfinizdən imzalanmış "Mediasiya haqqında" Qanun əsasında yaradılan Azərbaycan Respublikasının Mediasiya Şurası ilə həm Türk Dünyası Mediatorlar Birliyi, həm də Mərkəzi Asiya Mediatorlar Konsorsiumu çərçivəsində səmərəli əməkdaşlıq edirik. Ölkələrimiz arasında qarşılıqlı səfərlər və təcrübə mübadiləsi əldə edilən nailiyyətlərin miqyasını bir daha təsdiqləyir.

Azərbaycana bütün səfərlərimiz zamanı Türk dünyasının görkəmli xadimi, Ümummilli Lider Heydər Əliyevin Fəxri xiyabandakı məzarını xüsusi ehtiramla ziyarət edir və onun böyük işlərini həmişə minnətdarlıqla xatırlayırıq. Sizə və Azərbaycana olan hörmətimiz sonsuzdur. 2026-cı ilin aprelində Azərbaycanın BMT-nin "Mediasiya nəticəsində əldə olunan beynəlxalq barışıq sazişləri haqqında" Konvensiyasına qoşulmasını məmnunluq hissi ilə qeyd edirik. Bu, Sizin qlobal mediasiya institutunun inkişafına göstərdiyiniz diqqətin bariz nümunəsidir. İnanırıq ki, Türk dünyasının mediatorlar ailələri onlara göstərilən etimadı doğruldaraq daha səmərəli əməkdaşlıq edəcəklər.

Qürur hissi ilə bildiririk ki, Ümumdünya Şəhərsalma Forumunun
Bakıda keçirilən 13-cü Sessiyası Sizin rəhbərliyinizlə Azərbaycanın ən əhəmiyyətli qlobal təşəbbüslərindən biri kimi tarixə düşdü. Bu sessiya həm Azərbaycanın beynəlxalq mövqeyinin bundan sonra da möhkəmləndirilməsi, həm də Türk dünyası brendinin qlobal miqyasda təşviqi baxımından mühüm hadisəyə çevrildi.

Bu gün azad edilmiş Qarabağda aparılan bərpa və yenidənqurma işləri Azərbaycanın inkişaf modelini bütün dünyaya nümayiş etdirir. Bu modelin mərkəzində vətəndaşların rifahı, onların hüquqlarının qorunması və davamlı inkişaf dayanır.

Cənab Prezident, Zati-alinizi bir daha təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə davamlı firavanlıq və tərəqqi arzulayırıq".

Milli.Az 

______________

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, məktubda qeyd olunub:

"Möhtərəm cənab Prezident.

Sizi 28 May - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir və
ən xoş arzularımı bildirirəm.

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan dövləti ötən 35 il ərzində çətin və şərəfli yol keçmişdir. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə ölkəmizin həyatında böyük dəyişikliklər baş verdi, sabitlik yarandı, iqtisadiyyat inkişaf etməyə başladı, müasir ordu quruldu, dünyanın aparıcı şirkətləri ilə enerji sahəsində çox mühüm layihələr həyata keçirildi və Azərbaycan bölgədə lider dövlətə çevrildi.

Siz Ulu Öndər Heydər Əliyevin ideyalarına yeni nəfəs gətirdiniz, 30 ilə yaxın işğal altında qalan torpaqlarımız uzaqgörən siyasətiniz sayəsində azad edildi. Bu gün Azərbaycan xalqı Müstəqillik Gününü qalib xalq kimi qeyd edir. Sizin ardıcıl siyasətiniz nəticəsində minlərlə soydaşımız doğma yurdlarına qayıdır.

Möhtərəm cənab Prezident, Sizə möhkəm cansağlığı, ailə səadəti,
ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzulayıram".

Milli.Az