"Real Madrid" "Barselona"nın transfer hədəfinə "göz dikdi".
Milli.Az xəbər verir ki, "Real Madrid"in baş məşqçi postuna gətirməyə hazırlaşdığı Joze Mourinyo yeni mövsümün transfer planlarını indidən müəyyənləşdirib. Portuqaliyalı mütəxəssis "İnter"in 27 yaşlı mərkəz müdafiəçisi Alessandro Bastoninin oyununu çox bəyənir və onu mütləq "Santyaqo Bernabeu"ya gətirmək niyyətindədir.
Lakin bu transfer layihəsi İspaniyanın iki nəhəngini qarşı-qarşıya qoyub. Belə ki, İtaliya millisinin üzvü ilə "Barselona" klubunun da uzun zamandır yaxından maraqlandığı hər kəsə məlumdur. Kataloniyalılar Bastonini heyətə qatmağı çox istəsələr də, "İnter"in futbolçu üçün tələb etdiyi 70 milyon avroluq təzminat qiyməti maliyyə çətinlikləri yaşayan "Barselona" üçün ən böyük maneəyə çevrilib.
Maliyyə baxımından daha rahat hərəkət edən "Real Madrid" isə bu rəqəmi ödəməyə hazır tərəf kimi görünür. Əgər Mourinyonun təyinatı rəsmiləşərsə, Madrid klubunun transfer bazarında əbədi rəqibini qabaqlayaraq italyan müdafiəçini heyətinə qatacağı gözlənilir. (Offsideplus.az)
Milli.Az