Qarabağın böyük maarifpərvəri Həsənəli xan Qaradaği

18 Avqust 2012 17:38
Ən zor şərtlər altında oxumaq?

Azərbaycanın maarifpərvər simalarını xatırlayanda Həsənəliağa xan Qaradağskinin adını çəkmədən keçmək olmaz. Onların nəsli Şah İsmayıl dövründə görkəmli yer tutmuş Ustaclı elinin Toxmaqlı oymağına bağlıdır. Mir Möhsün Nəvvab yazır: "Onların əsli İran vilayəti Qaradağ mahalının nəciblərindəndir. 1804-cü ildə Qaradağdan gəlib Qarabağı özlərinə vətən ediblər. Əcdadı Səfəvi padşahlarının hüzurunda xəlifələr xəlifəsi mənsəbində olub".
Həsənəliağa xanın atası Həsənəliağa xan Qaradağski rus ordusunda poruçik rütbəsində xidmət edirdi. Həsənəliağa erkən vəfat etdiyindən və oğlunun dünyaya gəlməsini görmədiyindən oğluna da Həsənəliağa adı verilmişdir.

Balacaağa adı ilə el arasında çağırılan Həsənəliağa 1848-ci il 28 yanvar tarixində Şuşada hərbi xidmətçi ailəsində anadan olmuşdur. Anası Xatın xanım ərə getdiyinə görə Balacaağa ilk əvvəl dayısının, sonradan Tiflisdə yaşayan əmisi Məhəmmədhüseynağa xan Qaradağskinın himayəsində böyümüşdür. 8-9 yaşa çatdıqda Şuşaya gəlmiş əmisi Məhəmmədhüseynağa xan Qaradağski Balacaağanı Şuşada fəaliyyət göstərən rus Qəza məktəbinə qoyub Tiflisə qayıdır. Şuşada oxuyarkən maddi yardımı anası Xatın xanımdan alır, lakin anası göndərdiyi pul və ərzağı qohumları özlərinə sərf etdiklərindən, uşaq çox ehtiyac və əziyyətə dözməli olur. O, anasının yanında olmaq fikrinə düşür, lakin məktəbi buraxmaq istəməyib Şuşada oxumaqda davam edir. Həsənəliağa dayısının himayəsi altında yaşadığı illər ərzində keçirdiyi acı günlər haqqında yazır: "Məktəbdən evə gəldikdə dayımın arvadı sacda bişirilmiş "xamralı" deyilən çörəyin birini əlində iki qatlayıb, sonra bir də qatlayıb dörd hissə etdikdən sonra hissənin birini mənim üçün verirdi. Bu mənim naharım olurdu. Bu nahardan sonra mən dərhal dərs hazırlamağa başlardım. Dərsi hazırlarkən dayımın uşaqları mənə çox vaxt mane olurdular - istehza edib gülürdülər, çünki çox az vaxtlarda mən onlarla oynamağa gedirdim. Onların hərəkətləri bəzən təhqirə qədər çatırdı. Lakin mən davam edib dərslərimi hazırlamaq üçün sakit və əlverişli yer tapırdım. Mən özümə pilləkənin altında xəlvət yer düzəltmişdim. Qaranlıq olduğu üçün şam yandırıb burada dərs hazırlayırdım.

Bir neçə gündən sonra, uşaqlar yerimi tapdılar, məni yenə də dinc buraxmadılar. Onlar yuxarıdan başıma su tökməkdən və yaxud yanıma gəlib mane olmaqdan əl çəkmirdilər. Bir dəfə iki əlimlə kitabı tutub oxuduğum zaman, çöpü şama tutaraq yandırdıqdan sonra əllərimə yapışdırdılar, kitab əlimdən düşdü, mən bərk diksindim, onlar bundan şadlanıb güldülər. Əlimdən ağlayıb, kiriməkdən başqa heç zad gəlmirdi... Rusca oxuyanları müsəlmanların çox hissəsi sevmirdi, dindarlar belə adamı kafir adlandırırdılar. Hətta mən qoca nənəm Hürzad xanımın evinə gedən zaman, o məni xoş dil ilə qarşılayıb yemək təklif edirdisə də, lakin yeməkdən qabaq özü su ilə mənim ağzımı suya çəkirdi ki, sən məktəbdə "urusca" danışmısan, ağzın murdar olub".

Şuşada müəllimlik fəaliyyəti

Həsənəliağa 1866-cı ildə Qəza məktəbini bitirir. Əmisinin göndərdiyi maddi vəsait hesabına o, Şuşanın Tazə məhəllə adlanan yerində ev tutur və tək yaşamağa başlayır. Rus təhsilli Balacaağa ərəb, fars dillərini, islamın əsaslarını öyrənmək üçün qonşuluğunda yaşayan Mirzə Bəşir Yusifzadənin atası Mirzə Ələkbər Yusifzadədən dərs almaq qərarına gəlir. Mirzə Ələkbər Yusifzadə ərəb, fars dillərini Həsənəliağaya öyrədir, Sədi, Firdovsi, Nizami, Xaqani, Füzuli və sair şairlərin əsərlərini oricinalda mənimsəməyə kömək edir. Şeiriyyata böyük həvəs göstərərək özü də qəzəl, müxəmməs yazmağa başlayır.

Xan Qaradağski şəhərdə artıq istedadlı bir şair kimi şöhrət tapmaqla yanaşı, 60-cı illərin sonundan müəllimlik fəaliyyətinə başlayır və bu fəaliyyəti ilə də özünə hörmət qazanır. Qohum-qonşular uşaqlarını savadlandırmaq üçün onun yanına göndərirlər. Balacaağa dedikləri Qaradağski onların xahişini məmnuniyyətlə qəbul edir və 20 nəfərə qədər uşaq toplayıb evində dərs deməyə başlayır. Dərslərində riyaziyyat, Ana dili, ədəbiyyat, coğrafiya və başqa dünyəvi fənlərlə yanaşı Quran ayələri və namaz dualarına da xüsusi önəm verirdi. Qeyd olunmalıdır ki, Azərbaycan məktəbləri arasında ilk yazı lövhəsi və partalardan istifadə edən məhz Həsənəliağa xan Qaradağski olmuşdur.

Tezliklə, Məhəmmədhüseynağa qardaşı oğlunu Tiflisə aparır. Cənubi Qafqazın paytaxt rolunu oynayan Tiflisdə Həsənəliağa Qafqaz canişininin dəftərxanasında məsul vəzifədə çalışan əmisi Məhəmmədhüseyn ağanın dostları, tanışları, qabaqcıl ziyalılar ilə yaxından tanış olur. Onların sırasında Mirzə Əbülhəsən bəy Vəzirov, Mirzə Fətəli Axundov, Aleksey Osipoviç Çernyayevski də olur.
1878-ci ildə Həsənəliağa xan Qaradağski Şuşaya qayıdır. Burada o özünə Mirzə Fərrux adlı birindən iki otaqlı bir mərtəbəli ev alır. İki otaqdan birini yataq, digərini isə dərs otağı edərək evində məktəb açır, pedaqoji fəaliyyətini yeni həvəslə davam etdirməyə başlayır. Uzun bir stolun arxasında stullar üzərində əyləşən uşaqlara Ana dili, hesab dərsi keçir. Dərslik olmadığından, hər günün dərsini ayrıca tərtib edib öyrədir, yazdırır.

Həsənəliağa xan Qaradağski 1888-ci ildə əmisi Məhəmmədhüseynağanın xəstə olması ilə əlaqədar bir daha Tiflisə gedir. Məhəmmədhüseynağa 1891-ci ildə dünyasını dəyişir və o, ölümündən əvvəl Həsənəliağaya qızı Balaxanımla evlənməyi vəsiyyət edir. Həsənəliağa əmisinin vəsiyyətini yerinə yetirir əmisi qızı ilə birgə Şuşaya qayıdır.
O, bütövlüklə özünü yaradıcılığa həsr edir. Bu illər onun yaradıcılığının ən məhsuldar dövrü olur. 1897-ci ildə övladları olmadığından, Balaxanım xanımın razılığı ilə Həsənəliağa kasıb bir ailədən Teybə adlı qızla evlənir. Həsənəliağa ilə Teybə xanımın dörd övladı olur: Məhəmməd ağa, Çingiz ağa, Böyükxanım və Şəfqət ağa.

Yadigar qalan dəyərli əsərləri

1924-ci ildə Həsənəliağa iflic olur, lakin 2-3 il ərzində müalicə olunur, səhhətində ciddi problemlər qalsa da, Qaradağski yenə də ədəbiyyat və mədəniyyət sahəsində çalışır. Azərbaycan Xalq Maarif Komissarlığı Şuşa maarif şöbəsi tərəfindən ona maaş təyin edilir və Qarabağ şairləri haqqında material toplayıb yazaraq Bakıya göndərməyi ona tapşırır. Xan Qaradağski bu vəzifəni yerinə yetirir, öncə topladığı və yeni toplamış materialları göndərilmiş nümayəndələrə təhvil verib yeni tapşırıqlar ilə məşğul olur.

1929-cu ildə Həsənəliağa xan Qaradağski yenidən xəstələnir, dekabr ayının 2-də Şuşa şəhərində vəfat edir və şəhər qəbiristanlığında dəfn edilir.
Xan Qaradağskinin şagirdləri içərisində Zülfüqar bəy Hacıbəyov, Cəlil bəy Bağdadbəyovun adlarını çəkmək olar. Həsənəliağanın təşkil etdiyi məşğələlərin əsas qayəsi uşaqları Qori müəllimlər seminariyasına hazırlamaq idi.
1881-ci ilin yanvar ayının 26-da Qafqaz canişinin təsdiq etdiyi təlimata əsasən Cənubi Qafqazda yaşayan xalqların nümayəndələri ilk tədris ilində öz Ana dillərində almalı idilər. Elə 1881-ci ildə Qori seminariyasının Azərbaycan şöbəsinin müdiri A.O.Çernyayevski Tiflisə dəvət etdiyi azərbaycanlı ziyalıları qarşısında Ana dilində dərslik tərtib etmək kimi bir məsələ qoyur. Dəvət olunanlar sırasında Həsənəliağa da var idi. Onun öz məktəbində təcrübədən keçirdiyi şeir nümunələri daxil olmaqla tərtib ediləcək ilk Azərbaycan dərsliyinə ehtiyac duyulurdu. 1882-ci ildə I hissəsi, 1888-ci ildə isə II hissəsi çapdan çıxan "Vətən dili" dərsliyində Həsənəliağa xan Qaradağskinin müəllifi olduğu 11, tərcümə etdiyi 23 nəzm əsəri özünə yer tapıb. Bu həmin "Vətən dili" dərsliyidir ki, 40 ilə yaxın bir dövrdə Azərbaycan uşaqlarının əsas dərs vəsaiti olmuşdur.

Həsənəliağa Xan "Məclisi-fəramuşan" poetik məclisinin ən fəal iştirakçılarından biri olmuşdur. Şair kimi təxəllüsü Qaradağidir. Əsərləri əsasən Azərbaycan dilindədir. Bununla yanaşı, fars dilində yazmış olduğu bir neçə qəzəl müəllifidir.
Həsənəliağa xan Qaradağski "Təzkireyi-Qaradaği"nin müəllifidir. Burada qədim Qarabağ şairlərinin tərcümeyi-halı yazılmış, əsərlərindən seçmələr daxil edilmişdir. Azərbaycan ədəbiyyatşünaslığı Qaradağskiyə ən azı bizim günlərə gəlib çatdırdığı öz həmyerlisi, əsli Qaradağdan olub Zəngəzurun Güləbird kəndinə köçmüş Sarı Aşıq haqqında verdiyi məlumata, Sarı Aşığın bayatı və qoşmalarına görə borcludur: "Sarı Aşıq haqqında ilk məlumatı XIX əsrdə yaşamış Qaradaği vermişdir". Hələ 1878-ci ildə 250-dən artıq atalar sözünü toplayıb tərtib edən də Həsənəliağa xan Qaradağskidir.
Həsənəliağa Şuşada öz ilk kövrək addımlarını atan teatrın inkişafında da özünəməxsus xidmətlər göstərmişdir.

"Azadlıq" qəzeti