Anqolanın şimal-qərbində qanunsuz qızıl hasilatı aparılan şaxtada torpaq sürüşməsi nəticəsində azı 28 nəfər həlak olub.
Milli.Az xəbər verir ki, hadisə nəticəsində dörd nəfəri xilas etmək mümkün olub. Benqo polisi nümayəndəsi Qaşpar Luis İnasio bildirib ki, ölənlərin hamısı 18-40 yaş aralığında kişilərdir.
Şahidlərin sözlərinə görə, faciəyə təpədən qəfil qopan iri torpaq kütləsinin şaxtanın üzərinə çökməsi səbəb olub. Nəticədə dərinlikdə olan şəxslər dağıntılar altında qalıb.
Hazırda xilasedicilər şaxtada əməliyyatları davam etdirirlər. Rəsmi məlumatda iki nəfərin itkin düşdüyü bildirilsə də, yerli sakinlər yeraltında daha 70 nəfərin qala biləcəyini iddia edirlər.
İlkin ehtimala görə, torpaq sürüşməsinə son üç gündür bölgədə davam edən güclü yağışlar səbəb olub. (APA)
Milli.Az