Beşmərtəbəli binanın ikinci blokunda pilləkən qırılıb, yerinə isə taxta qoyulub. Taxta pilləkənlərlə nə qalxmaq, nə də enmək mümkündür.
Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, görüntülər paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 39 ünvanından qeydə alınıb.
Sakinlər bildiriblər ki, bir neçə gündür yaşadıqları mərtəbələrə çıxıb-düşməkdə ciddi çətinlik çəkirlər.
1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı İdarəsindən sorğuya cavab olaraq bildirilib ki, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 39 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının ikinci girişində mayın 21-də pilləkən qəfəsində çökmə baş verib. Hadisədən dərhal sonra ərazidə təmizlik işləri aparılıb və pilləkənin hörgü işlərinə başlanılıb.
Qurumdan qeyd olunub ki, bina 123 saylı Mənzil Kommunal İstismar Sahəsinin balansındadır və yaxın günlərdə pilləkənin tikintisi başa çatdırılaraq sakinlərin istifadəsinə veriləcək.
Milli.Az