Azərbaycan Milli İncəsənət Muzeyində Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası ilə birgə Xalq yazıçısı Natiq Rəsulzadənin yaradıcılıq gecəsi keçirilib.
Tədbirdə Natiq Rəsulzadənin Azərbaycan ədəbiyyatı və kino dramaturgiyasına verdiyi töhfələrdən bəhs edilib, onun yaradıcılığının müasir mədəniyyətimizdə xüsusi yer tutduğu vurğulanıb.
Gecədə Milli Məclisin deputatı, Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlu, Xalq yazıçısı Elmira Axundova, əAzərbaycan Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev, eləcə də diplomatik korpus nümayəndələri çıxış edərək Natiq Rəsulzadənin çoxşaxəli yaradıcılığı haqqında fikirlərini bölüşüblər.
Tədbirdə Azərbaycan və dünya musiqisindən seçilmiş əsərlər səsləndirilib, Xalq yazıçısının həyat və yaradıcılığına həsr olunmuş video çarx nümayiş etdirilib. Yaradıcılıq gecəsinin sonunda Natiq Rəsulzadə oxucuların suallarını cavablandırıb və kitabları imzalayıb.
Qonaqlar eyni zamanda muzeydə nümayiş olunan "Sənət yolunun izləri: Cahangir Rüstəmovun yaradıcılıq dünyası" və "Küləklər şəhərinin salnaməsi" sərgiləri ilə də tanış olublar.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az