Alatau şəhərinin əhalisinin 2050-ci ilədək 1,87 milyon nəfərə çatacağı planlaşdırılır

22 May 2026 22:31

Qazaxıstanın Alatau şəhərinin əhalisinin 2050-ci ilədək 1,87 milyon nəfərə çatacağı planlaşdırılır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən "Mərkəzi Asiyanın yeni paytaxtları və yeni şəhərləri. İqlim dayanıqlığının artırılması məqsədilə su istehlakı nəzərə alınmaqla şəhərsalma və mənzil tikintisi" mövzusunda sessiya zamanı "Almaty region master plan" MMC-nin direktoru Arseniy Pirojkov deyib.

"2050-ci ilədək Alatau şəhərinin əhalisinin 1,87 milyon nəfərə çatacağı planlaşdırılır. Həmçinin bir milyon iş yerinin yaradılması nəzərdə tutulur. Bundan əlavə, çoxlu sayda turist cəlb edəcəyimizi gözləyirik", - deyə o bildirib.

Pirojkov qeyd edib ki, şəhər dörd rayona bölünəcək.

"Şəhərin aşağı hissəsində, Almatı ilə həmsərhəd ərazidə yerləşən birinci rayon Gate District adlanır. Bu rayon əsasən biznes ictimaiyyətinə yönəlib: burada biznes mərkəzləri, hotellər, bank ofisləri və digər biznes infrastrukturu obyektləri yerləşəcək. Növbəti rayon "Golden District"dir. Bu rayon ilk növbədə tələbələr üçün nəzərdə tutulub: burada tələbə kampuslarının və tibbi klasterlərin yaradılması planlaşdırılır. Daha yuxarıda yerləşən Growing District isə şəhərin logistika və sənaye potensialının inkişafına yönəlib. Buradan artıq tikilmiş və ərazini birbaşa Çinlə birləşdirən dəmir yolu keçir.

Bundan başqa, bu marşrut üzrə yeni hava limanının tikintisi də nəzərdə tutulur. Sonuncu rayon "Green District"dir. Bu rayon istirahət və turizmin inkişafına istiqamətlənəcək. Hazırda ərazi abadlaşdırılmasa da, artıq region və Almatı şəhərinin sakinləri tərəfindən istirahət məqsədilə fəal istifadə olunur", - deyə o, əlavə edib.

Milli.Az