Orta Əsr ayaqyolu quyusunda dəftər və ipək tualet kağızı tapıldı - FOTO

22 May 2026 07:07

Arxeoloqlar Almaniyadakı bir Orta Əsr ayaqyolu quyusundan Latın qrafikalı, 10 səhifəlik mumlu dəftər və onu daşımaq üçün istifadə edilən dəri çanta tapıblar. Tamamilə havasız mühitdə qaldığı üçün çox yaxşı qorunan bu tapıntının təxminən 800 il əvvəl dövrün savadlı bir taciri tərəfindən ehtiyatlılıqdan quyuya salındığı ehtimal edilir. Üstəlik, həmin şəxsin o vaxt təmizlənmək üçün ipək parça qalıqlarından istifadə etdiyi müəyyən olunub.

Milli.Az xəbər verir ki, tapıntılar Şimali Almaniyanın Paderborn şəhərində yeni binanın tikintisi zamanı üzə çıxıb. Ərazidə qazıntı aparan arxeoloqlar hava keçirməyəcək şəkildə möhürlənmiş beş Orta Əsr tualet quyusu aşkar ediblər. Normal şəraitdə çürüyüb gedəcək bir çox üzvi material məhz bu qapalı və oksigensiz mühit sayəsində günümüzə qədər gəlib çatıb. Laboratoriyada aparılan rutin təmizlik zamanı mütəxəssislər ilkin baxışda sadə bir torpaq parçasına bənzəyən əşyanın əslində kiçik bir dəri kisə (çanta) olduğunu fərq ediblər.

Konservator Suzanna Bretzel mövzu ilə bağlı maraqlı bir detala toxunub: "Yerin altında yüzillərlə vaxt keçirməsinə baxmayaraq, ayaqyolu quyusundan çıxan bu tapıntının hələ də olduqca kəskin və narahatlıq doğuran bir qoxusu var idi".

Təxminən 8,6 x 5,5 santimetr ölçülərində olan bu kiçik qeyd dəftəri, üzəri fleur-de-lis (Fransız zanbağı) motivi ilə bəzədilmiş bir az daha böyük dəri kisənin içində qorunub. Ağacdan hazırlanmış dəftərin səkkiz səhifəsi ikiüzlü, iki səhifəsi isə birüzlüdür. Bütün səhifələrin üzəri o dövrdə xüsusi qələmlə (stylus) yazı yazmaq üçün nəzərdə tutulan mum təbəqəsi ilə örtülüb.

Mütəxəssislər səhifələrin içində Latın dilində yazılmış çoxlu sayda sətir aşkar ediblər. Yazıların bir hissəsi üst-üstə və fərqli istiqamətlərə doğru yazıldığı üçün mətni oxumaq və tərcümə etmək olduqca çətindir. Arxeoloq Barbara Rüşof-Parzinger (Barbara Rüschoff-Parzinger) bildirir ki, tək-tək sözləri seçmək mümkündür, lakin bəzi sözlərdə orfoqrafik səhvlər olduğu üçün tam oxunuş və mətnin bərpası bir qədər vaxt aparacaq. Yazı xüsusiyyətlərinə görə dəftərin 13-cü əsr ilə 14-cü əsrin sonları arasında istifadə edildiyi təxmin edilir.

Çantanın üzərindəki qabarıq zanbaq motivi dəftər sahibinin elit təbəqəyə aid ola biləcəyini göstərir, çünki Orta Əsrlərdə zanbaq həm kral hakimiyyətinin, həm də ilahi lütfün rəmzi idi.

Dəftərin sahibi hələlik sirr olaraq qalır. Arxeoloq Sveva Qai (Sveva Gai) qeyd edir ki, dəftərin müəllifi ticari əməliyyatlarını və şəxsi fikirlərini qeyd edən Paderbornlu bir tacir ola bilər. Çünki o dövrün sıravi insanlarından fərqli olaraq tacirlər savadlı idilər, oxuyub-yaza bilirdilər və bu, onları cəmiyyətin seçkin təbəqəsinə daxil edirdi.

Ayaqyolu quyusundan tapılan digər əşyalar - çəlləklər, bıçaq, daş keramik qablar, səbət hissələri və ipək parça qalıqları da bu fərziyyəni gücləndirir. Suzanna Bretzel ipək parçalar barədə bunları deyir:

"Quyudan çıxan ipək parça qalıqlarının bir hissəsi düzbucaqlı formada cırılmışdı. Bəziləri son dərəcə incə toxunmuş və naxışlı idi. Çox güman ki, vaxtilə dəbli və şıq olan bu parçalar köhnəlib atılacaq vəziyyətə gəldikdə tualet kağızı kimi istifadə olunmuşdu."

Tədqiqatçılar gələcək arxiv araşdırmaları sayəsində həmin tualet quyusunun yerləşdiyi torpaq sahəsində kimlərin yaşadığını tapmağa çalışacaqlar. Ən yaxşı ssenaridə, mumlu dəftəri konkret bir şəxsin adı ilə əlaqələndirmək mümkün olacaq. Bərpa və konservasiya prosesi təxminən bir il çəkəcək və bundan sonra dəftər Paderborndakı LWL Muzeyində nümayiş etdiriləcək.

Lalə Qüdrətova
Milli.Az