277 nəhəng dirək saxlayacaq: 100 mərtəbəli qüllə üçün 54 metr dərinliyə endilər - FOTO

22 May 2026 00:25

ABŞ-nin Mayami şəhərində ucalan "Waldorf Astoria Residences Miami" qeyri-adi dizaynı və mühəndislik infrastrukturu ilə diqqətləri üzərinə çəkir. Təxminən 320 metr hündürlüyə malik olacaq göydələnin tikintisində Dubayda xüsusi olaraq istehsal edilən minlərlə beton paneldən istifadə olunacaq.

Milli.Az xəbər verir ki, Mayami şəhər mərkəzində, Biskeys bulvarı üzərində yüksələn layihə üst-üstə düzülmüş kublardan ibarət memarlıq üslubu ilə fərqlənir. Təxminən 300 milyon dollar investisiya dəyəri olan binanın bünövrə işləri zamanı torpağa 277 nəhəng bünövrə dirəyinin basdırıldığı açıqlanıb. Bu dirəklərin bəziləri yerin 54 metr dərinliyinə qədər uzanır.

Layihədə istifadə olunan xarici fasad panellərinin isə Dubayda xüsusi olaraq istehsal edildiyi bildirilib. Təxminən 4800 beton panel gəmilər vasitəsilə ABŞ-yə daşınır. Ekspertlərin fikrincə, bu üsul həm inşaat müddətini sürətləndirir, həm də yüksək dəqiqlik təmin edir.

Binanın bünövrə sistemində təxminən 7600 kubmetr betondan istifadə olunduğu qeyd edilib. Nəhəng göydələn Mayaminin yumşaq və suya yaxın torpaq quruluşu (süxuru) səbəbindən əlavə olaraq gücləndirilmiş infrastrukturla inşa edilir.

Təxminən 100 mərtəbəli olması planlaşdırılan tikili tamamlandıqda Florida ştatının ən hündür binası unvanını qazanacaq. Layihədə lüks rezidensiyalar, otel hissəsi, restoranlar və xüsusi sosial sahələr yer alacaq. Tikinti prosesinin 2028-ci ilə qədər davam etməsi gözlənilir. Bu layihə Mayamidə son illərdə həyata keçirilən ən iddialı göydələn investisiyaları arasında göstərilir.

Lalə Qüdrətova
Milli.Az