Beynəlxalq Muğam Mərkəzində "Muğamat axşamı" adlı konsert keçirilib. WUF13 çərçivəsində təşkil olunan konsert proqramında BMM-nin solistləri Nisbət Sədrayeva, Könül Xəlilzadə, xanəndələr İlahə Rüstəmova, Anar Abbasov, Kənan Novruzov, Elvin Əhməd və Səlim Nəsirli çıxış ediblər.
Xanəndələrin ifasında "Bayatı-Şiraz", "Segah", "Şur" "Dilkəş", "Çahargah" təsnifləri və xalq mahnıları səsləndirilib.
Xanəndələri BMM-in solistlərindən ibarət instrumental ansambl - tarda Rəşad İbrahimov, kamançada Təbriz Yusubov, qanunda Məhta Məhəmmədəlizadə, balabanda Rafael Əsgərov və nağarada Amil Mustafayev müşayiət ediblər.
Muğam axşamı tamaşaçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.
Qeyd edək ki, "Muğamat axşamı" adlı konsertlərin məqsədi muğamın təbliğinə töhfə vermək və bu ulu sənətin fəlsəfəsini gənc nəsillərə çatdırmaqdır.
Xatırladaq ki, BMM tərəfindən "Muğamat axşamı" və "Muğam dəstgahları" adlı konsert proqramları ayda iki dəfə musiqisevərlərə təqdim edilir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az