Kartofları uzun müddət xarab olmadan saxlamağın və yemək hazırlayarkən vaxta qənaət etməyin ən təsirli yolu onları dondurucuda saxlamaqdır. Bu üsul həm məhsulun təravətini qoruyur, həm də mətbəxdə işinizi xeyli yüngülləşdirir.
Milli.Az Demokrat.az-a istinadən xəbər verir ki, dondurma prosesindən əvvəl kartofların qabıqlarını soymaq mütləqdir. İstəkdən asılı olaraq onları şorbalar üçün kub formasında, yaxud qızartmaq üçün uzunsov dilimləyə bilərsiniz.
Həmçinin dondurulan zaman dilimlərin bir-birinə yapışmaması üçün onları əvvəlcə süzgəcdə və ya sinidə tək qat şəklində düzərək ilkin dondurma mərhələsindən keçirmək lazımdır. Tam bərkidikdən sonra torbalara yığıb dondurucuya yerləşdirmək olar. Çiy dondurulmuş kartofları çıxardıqdan sonra buzunun açılmasını gözləmədən birbaşa qaynar şorbaya, bulyona və ya saxsı qabda bişən xörəklərin içinə atmaq məsləhətdir. Bu, məhsulun qaralmasının və formasını itirməsinin qarşısını alır.
Məhsulun rəngini və daxili toxumasını daha yaxşı qorumaq üçün dondurmazdan əvvəl qaynar suda bir neçə dəqiqə saxlamaq, yəni pörtlətmək faydalıdır. Pörtləmə prosesindən sonra kartofların suyunu
tamamilə süzüb üzərinə çox az miqdarda duru yağ çəkmək dilimlərin yapışmasını əngəlləyir.
Kartofları hazır satılanlar kimi nazik-uzun və ya alma dilimi formasında kəsib dondurmaq olar. Bu forma xüsusilə sobada və qızartma yeməklərində böyük rahatlıq yaradır. Dilimlərin eyni ölçüdə olmasına diqqət edilməlidir ki, bişən zaman hamısı bərabər dərəcədə qızarsın.
Araşdırmaya əsasən, dondurucuya qoymazdan əvvəl kartofların sağlam olmasına diqqət yetirilməlidir. Üzərindəki xırda cücərtiləri təmizləyib istifadə etmək mümkündür, lakin yaşıl rəng almış, yumşalmış və ya çürüməyə başlamış kartofları dondurucuya qoymaq olmaz. Bu, həm sağlamlıq üçün zərərlidir, həm də dadı tamamilə korlayır. Dondurulmuş kartoflar uzun müddət qala bilsə də, ən yaxşı dad və ləzzət üçün onları bir neçə ay ərzində istehlak etmək tövsiyə olunur.
Yəni, kartofun xarab olmasının qarşısını almaq və yemək bişirilməsini sürətləndirmək üçün onları qabıqlı saxlamayıb, soyaraq doğramaq, qaynar suda bir neçə dəqiqə pörtlətdikdən sonra azca yağlayıb dondurucuda saxlamaq ən ideal yoldur.
Milli.Az