Son dövrün ən çox müzakirə edilən super qidalarından biri olan aronya güclü antioksidant tərkibi, immuniteti dəstəkləyən quruluşu, sağlam yaşam (wellness) və qastronomiya dünyasındakı yüksəlişi ilə diqqət çəkir.
Tünd bənövşəyi rəngi, sıx ətri və yüksək antioksidant dəyəri ilə son illərin ən populyar meyvələrindən birinə çevrilən aronya, sağlam qidalanma trendlərinin parlayan ulduzudur. Smuzilərdən səhər yeməyi qablarına (bowl) qədər bir çox reseptdə yer alan bu meyvə haqqında bilinməsi gərəkənləri təqdim edirik.
Milli.Az xəbər verir ki, aronya gülçiçəklilər fəsiləsinə aid, tünd bənövşəyi rəngli, kiçik dənəli bir meyvə növüdür. Şimali Amerika mənşəli olan bu meyvə, son illərdə Avropada və qonşu ölkələrdə çox populyarlaşıb. Onun "super qida" adlandırılmasının ən böyük səbəbi tərkibindəki olduqca yüksək antioksidant nisbətdir.
Təzə halda yeyilə bildiyi kimi; smuzi, mürəbbə, çay, qatıq və fit şirniyyat reseptlərində də tez-tez istifadə olunur. Bir az turşməzə və sıx ətirli dada sahib olan aronya, şəkərsiz reseptlərdə təbii bir dad balansı yaradır.
Aronya dadı ilə yanaşı, insan orqanizminə verdiyi faydalarla da zəngindir:
Güclü antioksidant mənbəyidir: Yüksək polifenol tərkibi sayəsində bədəni sərbəst radikallara qarşı qorumağa kömək edir.
İmmunitet sistemini gücləndirir: Tərkibindəki C vitamini və təbii komponentlər sayəsində, xüsusilə fəsil dəyişikliklərində bədənin müqavimətini artırır.
Dəri sağlığını dəstəkləyir: Antioksidantlar dərinin daha canlı, parlaq və gənc görünməsinə yardımçı olur.
Həzmə kömək edir: Lifli quruluşu bağırsaqların müntəzəm işləməsini təmin edir və uzun müddət toxluq hissi verir.
Aronya meyvəsi birbaşa "arıqladan" bir qida olmasa da, aşağı kalorili və yüksək lifli quruluşu sayəsində pəhriz proqramlarının imtinaedilməz hissəsidir. 100 qramında cəmi 47 kalori olan bu meyvə, şirniyyat ehtiyacını təbii yolla qarşılamaq istəyənlər üçün əla alternativdir. Son dövrlərdə populyarlaşan aronya sirkəsi də həzmi asanlaşdırmaq və kilo nəzarəti üçün su ilə duruldularaq istifadə edilir.
Aronya yoxsa qaragat (yaban mersini)?
Görünüşcə bir-birinə bənzəsələr də, aralarında ciddi fərqlər var:
| Xüsusiyyət | Aronya | Qaragat (Yaban mersini) |
| Dadı | Daha turşməzə və sıx | Daha şirin və yüngül |
| Rəngi | Tünd bənövşəyi, qaraya yaxın | Bənövşəyi-mavi |
| Antioksidant nisbəti | Çox yüksək | Yüksək |
| Şəkər nisbəti | Daha aşağı | Daha yüksək |
| Lif nisbəti | Daha yüksək | Orta səviyyədə |
Hər bir faydalı qidada olduğu kimi, aronyanın da həddindən artıq istehlakı bəzi yan təsirlərə səbəb ola bilər:
Yüksək lif tərkibi səbəbindən həddən çox yeyildikdə qaz və şişkinlik yarada bilər.
Aronya təbii qanduruldurucu xüsusiyyətə malik ola bilər, buna görə də daimi dərman qəbul edənlər həkimlə məsləhətləşməlidir.
Aşağı təzyiq problemi olanlarda halsızlıq və baş gicəllənməsinə yol aça bilər.
Hamilə və süd verən qadınların istifadədən öncə həkim rəyi alması tövsiyə olunur.
Aronya ilə asan smuzi resepti
1 xörək qaşığı aronya
1 ədəd banan
1 çay stəkanı badam südü
2 xörək qaşığı qatıq
1 çay qaşığı bal
Hazırlanması:
Bütün məhsulları blenderdən keçirib tam hamar qvam alana qədər qarışdırın. Soyuq halda servis edin. İstəyə görə üzərinə çiya toxumu da əlavə edə bilərsiniz.
Lalə Qüdrətova
Milli.Az