Kənarı xırçıldayan, daxilində isə yumşaq və axıcı şokolad gizlənən bu peçenye hər dişləkdə ağızda əriyir. Çay və qəhvə saatlarının, xüsusi qonaqlıqların və şirniyyat krizlərinin ən praktik və təsirli həllidir.
Milli.Az lazım olan ərzaqları təqdim edir:
Xəmiri üçün:
180 q otaq temperaturunda yumşalmış kərə yağı
1 ədəd yumurta
1 çay stəkanı duru yağ
Yarım çay stəkanı şəkər pudrası
2 xörək qaşığı süzmə qatıq
1 paket vanil
1 paket qabartma tozu
4-4,5 su stəkanı un
İçlik üçün:
Dördbucaq südlü şokolad, tünd (bitter) şokolad və ya şokoladlı fındıq kremi (Nutella və s.)
Hazırlanma Qaydası
Dərin bir qaba kərə yağı, yumurta, duru yağ, şəkər pudrası və qatığı əlavə edin. Məhsullar tamamilə bir-birinə qarışana qədər yaxşıca çalın.
Qarışığın üzərinə vanil, qabartma tozu və unu hissə-hissə əlavə edərək ələ yapışmayan, yumşaq bir xəmir yoğurun.
Xəmirdən qoz böyüklüyündə parçalar qopardın və ovucunuzun içində yumrulayın.
Hər bir xəmir parçasını əlinizlə yüngülcə açaraq ortasına bir tikə şokolad və ya bərkidilmiş fındıq kremi yerləşdirin.
Xəmirin kənarlarını ehtiyatla yuxarıda birləşdirib bağlayın və yenidən yumru şəkil verin.
Hazırladığınız peçenyeləri yağlı kağız sərilmiş soba sinisinə aralıqlı şəkildə düzün. Öncədən 175°C dərəcədə qızdırılmış sobada üzəri yüngülcə çəhrayılaşana qədər nəzarətli şəkildə bişirin.
Sobadan çıxardıqdan sonra bir neçə dəqiqə soyumasını gözləyin və servis edin.
İçlikdə istifadə edəcəyiniz şokoladı və ya fındıq kremini hazırlıqdan əvvəl bir az soyuducuda saxlayıb bərkidyin. Bu, xəmirə forma verməyi asanlaşdırır.
Unu mütləq yavaş-yavaş əlavə edin. Un çox olarsa peçenye bərkiyər, az olduqda isə formasını itirər.
Xəmirin kənarlarını bağlayarkən tam birləşdiyindən əmin olun ki, sobada şokolad əriyib çölə axmasın.
Peçenyelər tam soyuduqdan sonra ağzı kip bağlanan qabda bir neçə gün təravətini qoruyur.
Peçenyelərin üzərinə azca şəkər pudrası səpə və ya əridilmiş şokolad gəzdirə bilərsiniz. Yanında isti süd, qəhvə və ya təzə çiyələk dilimləri ilə möhtəşəm bir təqdimat alınacaq. Nuş olsun!
Lalə Qüdrətova
Milli.Az