Bakı-Tiflis qatarı hansı sürətlə gedəcək? - RƏSMİ

20 May 2026 16:52

Qatarın ümumi səfər müddətinə təsir edən amillərdən biri Gürcüstan ərazisində dəmir yolu infrastrukturunun texniki vəziyyəti və sürət məhdudiyyətidir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib.

Bildirilib ki, Gürcüstanda qatarın orta sürəti təxminən 50 km/saat olacaq.

"Qardabani-Tiflis hissəsində sürətin nisbətən aşağı olması məhz həmin ərazidə infrastrukturun vəziyyətinin qənaətbəxş olmaması ilə əlaqədardır.

Qatarlar Bakıdan Böyük Kəsik stansiyasına qədər olan 498 kilometrlik məsafəni 6 saat 10 dəqiqəyə qət edəcək, Azərbaycan ərazisində dəmir yolu infrastrukturu yeniləndiyi üçün orta hesabla 100 km/saat sürətlə hərəkət edə biləcək", - deyə o qeyd edib.

Departament rəisinin sözlərinə görə, qatarın Azərbaycan ərazisində sərhəd və gömrük nəzarəti Böyük Kəsik stansiyasında qatarda, sərnişinlər düşürülmədən həyata keçiriləcək:

"Bu məqsədlə stansiyada 60 dəqiqəlik dayanma nəzərdə tutulur. Gürcüstan ərazisində isə analoji sərhəd və gömrük yoxlamaları Qardabani stansiyasında aparılacaq və burada da 60 dəqiqəlik dayanma planlaşdırılıb. Hər bir vaqonda sərhəd və gömrük əməkdaşları üçün xüsusi iş yerləri ayrılıb. Bu, prosedurların daha rahat və sistemli şəkildə aparılmasına imkan verəcək".

Xatırladaq ki, Azərbaycan Dəmir Yolları QSC və Gürcüstan Dəmir Yolları SC arasında əldə olunmuş ilkin razılaşmaya əsasən, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tiflisə çatacaq, Tiflisdən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq.

Milli.Az