13 yaşlı futbolçu küçədə ÖLDÜRÜLDÜ

20 May 2026 14:21

Kolumbiyada gənc futbolçunun faciəli ölümü ölkədə böyük rezonans doğurub.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 13 yaşlı Kristian Fabian Rondon Mendes küçə quldurlarının hücumu nəticəsində həyatını itirib.

Hadisə Kolumbiyanın Pyedekuesta şəhərində baş verib. Məlumata görə, məşqdən dostu ilə birlikdə evə qayıdan yeniyetmənin qarşısı iki naməlum şəxs tərəfindən kəsilib. Bildirilir ki, hücum edən şəxslər məktəbliyə "bu ərazidən olmadığını" dedikdən sonra ona bıçaqla ağır zərbə endiriblər.

Cinayətkarlar hadisədən dərhal sonra motosikletlə ərazidən uzaqlaşıblar. Ətrafdakı şəxslər təcili tibbi yardım çağırsa da, xəstəxanaya çatdırılan gənc futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Kristian Fabian Rondon Mendes yerli "Sportinq" klubunun gənclər komandasında çıxış edirdi və böyük istedad sahibi kimi tanınırdı. Yaxınlarının sözlərinə görə, onun həyatı tamamilə futbola həsr olunmuşdu.

Yeniyetmənin ən böyük arzusunun Kolumbiyanın məşhur "Amerika" klubunda oynamaq olduğu bildirilib.

Hazırda hüquq-mühafizə orqanları hadisəni törədən şəxslərin axtarışını davam etdirir. Rəsmilər cinayətkarların tapılmasına kömək edəcək məlumat verən şəxslərə pul mükafatı ayrılacağını açıqlayıblar.

Hüseyn
Milli.Az