"Sauthempton" klubu casusluq qalmaqalı səbəbindən İngiltərə Premyer Liqasına yüksəlmək uğrunda keçiriləcək pley-off finalından uzaqlaşdırılıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, komandanın nümayəndələrinin rəqib klubların məşqlərini gizli şəkildə izlədiyi iddia olunur. Bildirilir ki, "Sauthempton" rəsmiləri yarımfinal mərhələsi öncəsi "Midlsbro" komandasının hazırlıq prosesini müşahidə ediblər. Bununla yanaşı, onların dekabr ayında "Oksford Yunayted" və aprel ayında "İpsviç" ilə keçirilən oyunlardan əvvəl də oxşar addımlar atdığı bildirilib.
Qərara əsasən, "Sauthempton" növbəti mövsüm də Çempionşipdə çıxış edəcək. Klubun əlavə olaraq 4 xalının silinəcəyi qeyd olunub.
Əvvəlcədən mayın 23-də "Uembli" stadionunda "Hall Siti" ilə "Sauthempton" arasında final oyununun keçirilməsi planlaşdırılırdı. Həmin qarşılaşmanın qalibi Premyer Liqaya vəsiqə qazanacaqdı.
Yeni qərardan sonra finalda "Hall Siti"nin yarımfinalda "Sauthempton"a məğlub olan "Midlsbro" ilə qarşılaşacağı bildirilib. Komandalar arasında keçirilən yarımfinal oyunları 0:0 və 1:2 hesabları ilə başa çatmışdı.
Hüseyn
Milli.Az