Böyük Britaniyanın ən köklü elm ocaqlarından biri olan Qrinviç Kral Rəsədxanası (Greenwich Royal Observatory) süni intellektin sürətlə yayılması ilə bağlı ciddi bir risk ssenarisini gündəmə gətirib. Muzeylər qrupunun direktoru Peddi Rocers xəbərdarlıq edib ki, suallara və mürəkkəb problemlərə anında cavab verən süni intellekt alətləri insanı sorğulama və qiymətləndirmə vərdişlərindən uzaqlaşdıraraq tənbəlləşdirir. Texnoloji vasitələrin təqdim etdiyi hazır cavablardan tamamilə asılı vəziyyətə düşmək insan zəkasını və innovasiya (yenilikçilik) qabiliyyətini korlaşdırır.
Milli.Az xəbər verir ki, Rocers vurğulayır ki, bilik və mütəxəssisliyin təməlində dayanan araşdırma, sorğulama və nəticələri analiz etmək vərdişləri, süni intellektin hər suala saniyələr içində cavab hazırladığı bu yeni sistemdə yox olmaq təhlükəsi ilə üz-üzədir.
Astronomiya tarixindən nümunələr gətirən mütəxəssislər qeyd edirlər ki, keçmişin elm adamları göy üzünə dair nəhəng həcmdə məlumat toplayarkən, əslində o dövr üçün tamamilə "lazımsız" görünə biləcək detallarla da məşğul olublar. Süni intellekt alqoritminin və ya hər hansı bir maşının heç vaxt vaxt itirməyəcəyi bu "əlavə" araşdırmalar, qeydə alındıqdan 150 il sonra belə dünyadakı dəniz naviqasiya sistemlərini yoxlamaq və təsdiqləmək üçün kritik bir mənbəyə çevrildi.
Süni intellektin təqdim etdiyi süzgəcdən keçmiş və sürətli nəticələrin əksinə, insanın öz marağının ardınca gedərkən qarşılaşdığı gözlənilməz məlumatlar və təsadüfi tapıntılar tarixdəki ən böyük elmi sıçrayışları formalaşdırıb.
Süni intellektin elm dünyasındakı potensialı və protein strukturlarını həll edərək Nobel Mükafatı qazandıran "AlphaFold2" kimi uğurları danılmazdır. Təhsil mütəxəssisləri də süni intellektin ideyaları sınaqdan keçirmək və ya ortaq həllər tapmaq üçün bir "əməkdaş" kimi istifadə edilməsini dəstəkləyirlər. Lakin düşünmə prosesini tamamilə texnologiyaya həvalə etmək bu alətlərin sərhədlərini təhlükəli bir nöqtəyə daşıyır.
Rəqəmsal resurslarda istifadəçilər ilkin mənbəyə enib məlumatın doğruluğunu yoxlaya bildiyi halda, axtarış sistemlərinin və sosial media platformalarının zirvəsinə yerləşən süni intellekt xülasələri insanları yoxlanıla bilən və etibarlı bilik mənbələrindən getdikcə daha çox uzaqlaşdırır.
Lalə Qüdrətova
Milli.Az