Gələcəyi bilmək, yoxsa gələcəyi yaratmaq? Özünüdoğrulayan peyğəmbərlik effekti

20 May 2026 21:24

İnsan zəkası qarşılaşdığı hər bir məlumatı sadəcə analiz etmir, həm də həyatını bu informasiyaya uyğun formalaşdırır. Xüsusilə gələcəklə bağlı deyilən sözlər və qurulan planlar fərdlərin düşüncə, duyğu və davranışlarına fərqində olmadan təsir edə bilər. Psixologiya elmində bu vəziyyət "Özünüdoğrulayan peyğəmbərlik" (Self-fulfilling prophecy) adlanır. Qısaca desək, bir insanın hər hansı bir hadisəyə olan inamı və ya gözləntisi onun davranışlarını elə idarə edir ki, nəticədə həmin hadisə real olaraq baş verir.

Milli.Az xəbər verir ki, bu anlayış ilk baxışdan mistik və ya utopik görünsə də, əslində tamamilə psixoloji bir prosesə əsaslanır. İnsan beyni inandığı ssenarini reallaşdırmaq üçün addımlar atmağa meyllidir. Məsələn, bir şəxs davamlı olaraq uğursuz olacağını düşünürsə, daha çox həyəcan keçirir, risk etməkdən qorxur və qarşısına çıxan imkanları əldən verir. Bu davranışların təbii nəticəsi olaraq o, həqiqətən də uğursuzluğa düçar olur. Beləliklə, ilkin mənfi düşüncə real həyata köçürülür.

Gündəlik həyatda fallar və astrologiya
Bu effektin ən çox qabardığı sahələr fallar və astrologiyadır. Bir çox insan bürc şərhlərini sadəcə əyləncə üçün oxuduğunu desə də, bu məlumatlar şüuraltında davranışları idarə edir. Məsələn, gündəlik bürc şərhində "Bu gün başınıza pis bir hadisə gələ bilər, mübahisələrdən qaçın" cümləsini oxuyan şəxs gün ərzində daha gərgin, narahat və müdafiə mövqeyində olur. Normalda reaksiya verməyəcəyi xırda bir problemi belə təhlükə kimi qəbul edir. Günün sonunda kimsə ilə mübahisə edəndə isə "Bax, bürcüm düz çıxdı, astrologiya hər şeyi bilir" deyə düşünür. Əslində isə hadisəni reallaşdıran ulduzlar deyil, insanın gün boyu sərgilədiyi gərgin davranışlar olur.

Eyni ssenari müsbət proqnozlarda da işləyir. Bir falçı kiməsə "Yaxın günlərdə həyatına səni xoşbəxt edəcək biri girəcək" dedikdə, həmin şəxs ətrafındakı insanlara qarşı daha müsbət, səmimi və optimist davranmağa başlayır. İnsanlar yaxşı əlamətlər axtardıqları üçün mənfi nüansları görməzdən gəlirlər. Bu pozitiv enerji qarşı tərəfi də rahatladır və xoşbəxt bir münasibətin təməli qoyulur. Nəticədə fal reallaşır; lakin bu, falçının gələcəyi görməsindən deyil, zəhnin o inama uyğun davranış istehsal etməsindən qaynaqlanır.

Bürclər və şəxsiyyət modelləri
Astrologiyanın təsiri təkcə gündəlik hadisələrlə bitmir, o, həm də xarakteri şəkilləndirir. Davamlı olaraq "Şir bürcləri lider olur", "Qızlar həddindən artıq vasvasıdır" və ya "Balıqlar çox emosionaldır" kimi ümumi fikirləri eşidən insanlar zamanla bu xüsusiyyətləri mənimsəyirlər. "Mən onsuz da vasvası Qız bürcüyəm" deyən şəxs öz mənfi vərdişlərini sorğulamaq əvəzinə, bunu normal qəbul edir. Beləliklə, bürclər şəxsiyyəti izah etmir, əksinə onu öz qəlibinə salır.

Bu prosesin təməlində insan beyninin "seçici alqı" (selective attention) sistemi dayanır. İnsanlar öz inamlarını doğrulayan hadisələri daha asan xatırlayır və onlara fokuslanırlar, çəlişən məqamları isə unudur və ya görməzdən gəlirlər. Falçının düz çıxan bir neçə sözünü yadda saxlayıb, səhv çıxan onlarla proqnozunu unuduruq.

Sosial münasibətlərdə təsiri
Özünüdoğrulayan peyğəmbərlik təkcə fərdi deyil, həm də sosial xarakter daşıyır. Məsələn, bir müəllimin şagirdə "sən zəifsən" gözü ilə baxması həmin uşağın motivasiyasını tamamilə öldürə bilər. Yaxud, "heç kim məni sevmir" düşüncəsi ilə insanlara yaxınlaşan şəxs ətrafına qarşı soyuq və məsafəli davranır. Onun bu soyuqluğunu görən insanlar ondan uzaqlaşdıqda isə fərd öz-özünə "Bax, haqlı idim, doğrudan da məni kimsə sevmir" deyərək öz mənfi inancını doğrulamış olur.

Bəşəriyyət tarix boyu qeyri-müəyyənliyi aradan qaldırmaq və gələcəyi proqnozlaşdırmaq üçün fallara və kehanətlərə ehtiyac duyub. Lakin psixologiya bizə mühüm bir həqiqəti xatırladır: İnsan çox vaxt gələcəyi öyrənmir, onu öz gözləntiləri ilə formalaşdırır. Düşüncələr və inanclar davranışları, davranışlar isə nəticələri doğurur. Bu səbəbdən zəhnimizdəki qəliblərin fərqinə varmaq çox vacibdir. Çünki insan sadəcə kehanətlərə inanmaqla qalmır, onlara uyğun yaşayaraq taleyinin axınına birbaşa müdaxilə edir.

Lalə Qüdrətova
Milli.Az