Süni intellektin barmaq izinizi oğurlaya biləcəyi ortaya çıxdı

20 May 2026 08:41

Yüksək keyfiyyətli selfi fotoları artıq təkcə üzü deyil, barmaq izinin detallarını da üzə çıxara bilir. Ekspertlər süni intellekt dəstəkli biometrik təhlükələrə qarşı xəbərdarlıq ediblər.

Milli.Az xəbər verir ki, smartfon kameralarının hər il daha yüksək keyfiyyət təqdim etməsi biometrik təhlükəsizliklə bağlı yeni müzakirələrə yol açıb. Təhlükəsizlik ekspertlərinin fikrincə, sosial şəbəkələrdə paylaşılan yüksək keyfiyyətli selfilərdən təkcə üz məlumatları deyil, barmaq izi detalları da götürülə bilər.

Mütəxəssislər bildirirlər ki, təxminən 1,5 metr məsafədən çəkilmiş və barmaqların birbaşa kameraya doğru yönəldiyi fotolar, kibercinayətkarların barmaq izi məlumatlarını yenidən bərpa etməsi üçün kifayət qədər detal ehtiva edir. Bu yolla əldə edilən məlumatlar telefonlar, noutbuklar, ödəniş sistemləri və onlayn hesablarda istifadə olunan biometrik təsdiqləmə mexanizmlərini aldatmaq üçün istifadə edilə bilər.

Maliyyə eksperti Li Çanq qeyd edib ki, müasir süni intellekt dəstəkli təsvir emalı alətləri adi selfi kadrlarında fərq edilməsi çətin olan barmaq izi xətlərini aydınlaşdıra bilir. Xüsusilə inkişaf etmiş foto redaktə proqramları təsvirlərdəki xırda detalları kəskinləşdirərək cinayətkarların işini asanlaşdırır.

Çin Elmlər Akademiyası Universitetinin professoru Cinq Civu sə bu prosesin bəzi texniki çətinlikləri olduğunu bildirib. İşıq şəraiti, hərəkət bulanıqlığı və fokuslanma problemləri kimi amillərin barmaq izi çıxarmağı çətinləşdirdiyini deyən Civu, buna baxmayaraq, yüksək keyfiyyətli bir neçə fotonun eyni vaxtda istifadə edilməsi halında uğurlu nəticə əldə etmək ehtimalının ciddi şəkildə artdığını vurğulayıb.

Bu xəbərdarlıqlar ən çox Çində gündəmə gəlib. Bunun əsas səbəbi isə regionda selfi çəkdirərək çox yayğın olan "V" və ya qələbə/sülh işarəsi göstərmək vərdişidir. Barmaq uclarının birbaşa kameraya baxdığı bu pozların, biometrik məlumatların istəmədən paylaşılmasına yol açdığı qeyd olunur.

Barmaq izi hücumları əslində keçmişdən bəri mövcuddur. Lakin əvvəllər bu növ hücumlar yüksək xərc və texniki çətinliklər səbəbindən əksər cinayətkarlar üçün praktiki deyildi. İnkişaf etmiş kamera sistemlərinin yayılması isə bu mənzərəni dəyişir.

Almaniyalı biometriya tədqiqatçısı və "Chaos Computer Club" üzvü Yan Krissler (Jan Krissler), 2013-cü ildə Apple şirkətinin "Touch ID" sistemi təqdim edildikdən dərhal sonra onu qırmağı bacarmışdı. Krissler, bir il sonra Almaniya Müdafiə Nazirinin mətbuata açıq fotolarından istifadə edərək onun barmaq izlərini yenidən istehsal etmişdi.

O dövrdə saxta barmaq izi yaratmaq üçün çoxlu sayda yüksək keyfiyyətli foto, xüsusi çəkiliş şəraiti və xüsusi emal texnikası lazım idi. Lakin müasir smartfonların təqdim etdiyi inkişaf etmiş sensorlar və hesablama fotoqrafiyası texnologiyaları bu prosesi getdikcə daha əlçatan edir. 2021-ci ildə "Kraken Security Labs" tədqiqatçıları tərəfindən aparılan araşdırma riskin miqyasını daha aydın göstərib. Tədqiqatçılar yalnız bir barmaq izi fotosu, Photoshop proqramı, lazer printer və taxta yapışqanından istifadə edərək işlək vəziyyətdə olan saxta barmaq izi hazırladıqlarını açıqlamışdılar.

Lalə Qüdrətova
Milli.Az