Azərbaycan Milli İncəsənət Muzeyində gənc pianoçuların iştirakı ilə "Piano Musiqisi Axşamı" adlı konsert proqramı təqdim olundu.
Milli.Az xəbər verir ki, konsertdə Azərbaycan Milli Konservatoriyasının konsertmeysteri və İncəsənət Gimnaziyasının müəllimi Gülnar Mirzəyevanın şagirdləri çıxış etmişdirlər. Gülnar xanım çıxışında öz yetirmələrinə klassik akademik fortepiano ifaçılığının ənənələrini aşılamağı qarşısına məqsəd qoyduğunu bildirərək onların qazandığı nəaliyyətlərindən söz açmışdır. Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solistləri və Beynəlxalq müsabiqələr laureatları olan gənc, istedadlı ifaçılar dünya və Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirdilər.
Proqramda D. Kabalevski, D. Şostakoviç, E. Qriq, F. Şopen, B. Bartok, J. Brams, Niyazi, Q. Qarayev və Ə. Mustafazadənin əsərləri yer aldı. Axşam boyunca tamaşaçılar Qədirzadə Mələk, Əliyeva Neyla, Kərimli Suel, Əfəndiyeva Ferzin və Əliyev Müzəffərin ifasında klassik musiqinin müxtəlif üslub və obrazları ilə zəngin maraqlı repertuar dinləmək imkanı qazandılar.
Konsertin əsas məqsədi gənc ifaçıların səhnə təcrübəsinin artırılması, klassik musiqiyə marağın təşviqi və musiqi sənətinin gənc nəsil arasında təbliği idi.
Musiqili axşam tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılandı.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az