Türk televiziya tarixinin unudulmaz simalarından olan Reha Muhtar Bodrumun Türkbükü qəsəbəsindəki kafelərdən birində görüntülənib. Uzun müddətdir səhhətindəki problemlər və övladlarının qəyyumluq davası ilə gündəmdə olan Muhtarın olduqca yorğun halı diqqət çəkib. Kafedə oturduğu yerdə yuxuya gedən məşhur teleaparıcının son görüntüsü sevənlərini məyus edib.
Milli.Az xəbər verir ki, "Bəs, acı var, acı?" və "Tuneli qaçmaq üçünmü qazdınız?" kimi unudulmaz ifadələri ilə yaddaşlara həkk olunan Reha Muhtar 1990-cı və 2000-ci illərdə təqdim etdiyi xəbər proqramları ilə Türkiyə televiziyasında bir dövrə damğa vurmuşdu. Hazırladığı tok-şoular və ekran performansı ilə uzun illər gündəmdən düşməyən Muhtar son vaxtlar yalnız sağlamlıq problemləri və şəxsi həyatı ilə xatırlanır.
Reha Muhtar bir müddət əvvəl evində bədbəxt hadisə nəticəsində yıxılaraq ağır xəsarət almış və günlərlə reanimasiyada müalicə olunmuşdu. İki dəfə süni tənəffüs aparatına qoşulan (intubasiya edilən) teleaparıcının müalicədən sonra başqalarının köməyi ilə çətinliklə yeridiyini əks etdirən kadrlar da vaxtilə gündəmə gəlmişdi.
Muhtar əkiz övladları Mina və Poyrazın qəyyumluğu üstündə keçmiş həyat yoldaşı, aktrisa Deniz Uğur ilə məhkəmədə üz-üzə gəlmişdi. Gərgin keçən məhkəmə prosesinin sonunda uşaqların qəyyumluğu anaya verilib.
Lalə Qüdrətova
Milli.Az