WUF13-ün üçüncü günü başa çatdı (FOTOREPORTAJ)

19 May 2026 18:31

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) üçüncü günü yekunlaşıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, dünyanın ən nüfuzlu qlobal şəhərsalma platformalarından biri hesab olunan, 182 ölkədən 40 mindən artıq iştirakçı qeydiyyatdan keçdiyi forumun üçüncü günü də bir sıra mühüm tədbirlər və hadisələrlə yadda qalıb.

Belə ki, bu gün Azərbaycanın Şuşa və Türkiyənin Trabzon şəhərləri arasında qardaşlaşma haqqında memorandum imzalanıb.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum") keçirilib.

Bundan başqa EXPO URBAN sərgisi çərçivəsində "İkinci həyat - xalçaların üzərində rəsm" layihəsi adlı sərgi nümayiş etdirilib.

Üçüncü gününün proqramı əsasən qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı və innovativ urbanizasiya modellərinə həsr olunub.

Günün əsas sessiyalarından biri "Qlobal mənzil böhranı: Plan nədir?" mövzusunda keçirilən dialoq olub. Sessiyada mənzil əlçatanlığı, sosial bərabərlik və şəhərlərdə yaşayış şəraitinin yaxşılaşdırılması məsələləri müzakirə olunub.

Bununla yanaşı, "Mənzilin sosial və iqtisadi gücü", "Şəhərlər üçün süni intellekt", "Məlumatdan qərarlara: Süni intellekt, məkan təhlili və hamı üçün mənzil", "İqlimə davamlı şəhərlər və icmalar", "Şəhər planlaması iqlim fəaliyyətidir" kimi mövzularda sessiyalar təşkil edilib.

Ekspertlər və beynəlxalq təşkilat nümayəndələri şəhərlərin gələcək inkişafında rəqəmsal texnologiyaların, məlumat əsaslı idarəetmənin və yaşıl həllərin rolunu xüsusi vurğulayıblar.

Üçüncü gün çərçivəsində həmçinin "Hamı üçün mənzil", "Qadınların gücləndirilməsi üçün təhlükəsiz və dayanıqlı yaşayış", "Əlilliyi olan şəxslər üçün inklüziv şəhərlər", "Gənclərin şəhər idarəçiliyində rolu", "İqlim maliyyəsinin şəhərlərə yönləndirilməsi", "Dayanıqlı və əlçatan nəqliyyat", "Müharibədən zərər görmüş şəhərlərin bərpası" və "Qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası" kimi mühüm mövzular üzrə tədbirlər də keçirilib.

"İstiyədavamlı şəhərlər", "Təbiət əsaslı həllər", "Yaşıl və dayanıqlı yaşayış", "Su resurslarının idarə olunması", "Şəhərlərdə enerji ədaləti" kimi mövzularda keçirilən tədbirlərdə urbanizasiya ilə ekoloji davamlılıq arasındakı əlaqələr müzakirə olunub.

Bu gün həmçinin "World Cities Report 2026" hesabatının təqdimatı, Afrika regionu və digər beynəlxalq platformalar üzrə yüksək səviyyəli görüşlər, eləcə də şəhər inkişafı və mənzil siyasətinə dair xüsusi sessiyalarla da yadda qalıb.

Qeyd edək ki, mayın 22-dək davam edəcək WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilir. Forum "Dünyanı məskunlaşdırmaq: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar" mövzusuna həsr olunub və qlobal mənzil böhranı, dayanıqlı urbanizasiya, şəhər dayanıqlılığı, iqlim dəyişikliklərinin şəhərlərə təsiri və müasir şəhər idarəçiliyi kimi mühüm məsələləri əhatə edir.

WUF13-ün üçüncü günündən fotoları təqdim edirik:

Milli.Az