WUF13-ün “Urban Expo” sərgisində KOBİA da iştirak edir - FOTO

19 May 2026 17:53

Stenddə yerli sahibkarların fəaliyyəti, məhsul və xidmətləri, eləcə də dövlət dəstəyi mexanizmləri ziyarətçilərə təqdim edilir.

Milli.Az xəbər verir ki, Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Urban Expo" sərgisində tikinti və şəhərsalma sahəsində fəaliyyət göstərən sahibkarların məhsul və xidmətləri təqdim edilir, onların fəaliyyəti barədə ziyarətçilərə məlumat verilir.

Sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası birgə stendlə iştirak edir.

Stenddə tikinti və şəhərsalma sahəsində fəaliyyət göstərən yerli sahibkarların məhsul və xidmətləri nümayiş olunur, həmçinin KOBİA tərəfindən sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri və ölkədə tikinti biznesinin inkişafı üçün mövcud imkanlar barədə məlumat verilir.

Şirkətlər öz fəaliyyət istiqamətləri, istehsal gücü, innovativ məhsul və xidmətləri, həyata keçirdikləri layihələr və beynəlxalq əməkdaşlıq imkanları barədə təqdimatlar edirlər, həmçinin maraqlı tərəflərlə işgüzar görüşlər keçirərək təcrübə mübadiləsi aparırlar.

WUF13 çərçivəsində keçirilən şəhərsalma və mənzil təminatı sahələrində innovativ yanaşmaları təqdim edən "Urban Expo" sərgisində 82 ölkədən 260 təşkilat və qurumun iştirak etdiyi 130-a yaxın pavilyon nümayiş olunur.

Onların ən böyüyü 1500 kvadratmetr ərazini əhatə edən Azərbaycan pavilyonudur.

Milli.Az