Rəşad Xanlarov müşavir oldu

19 May 2026 15:46

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsinə Rəşad Xanlarov təyin olunub. 

Milli.Az xəbər verir ki, Rəşad Xanlarov bu təyinata qədər Elm və Təhsil Nazirliyində Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinin müdiri, müxtəlif beynəlxalq şirkətlərdə rəhbər vəzifələrdə, eləcə də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru kimi fəaliyyət göstərib.

Xatırladaq ki, Azərbaycanın bəzi səfirliklərində Azərbaycan Respublikasında təhsilalma imkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsini, Azərbaycan Respublikası vətəndaşlarının xarici dövlətlərin təhsil müəssisələrində təhsil almasına və təhsil hüquqlarının müdafiəsinə dəstək verilməsini, eləcə də bu istiqamətdə müvafiq əlaqələndirməni təmin etmək məqsədilə təhsil məsələləri üzrə müşavirlər fəaliyyət göstərir.

Milli.Az