Bakı Ağ Şəhər layihəsi şəhərlərin regenerativ inkişaf modelinin uğurlu nümunəsidir.
Milli.Az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında "TIME100" jurnalının iqlim sahəsində ən nüfuzlu liderləri siyahısına daxil edilmiş,"Skidmore, Owings & Merrill" (SOM) şirkətinin dayanıqlılıq üzrə direktoru Mina Hasman deyib.
O bildirib ki, "Bakı Ağ Şəhər" layihəsi şəhərlərin öz urbanistik kimliyini yenidən formalaşdırmasının və daha dayanıqlı gələcəyə keçidinin bariz nümunəsidir.
"Bu, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında aparılan müzakirələrin əsas mövzularından biridir", - deyə Mina Hasman vurğulayıb.
Ekspert layihənin dayanıqlılıq ambisiyalarını xüsusi qeyd edərək bildirib ki, burada mədəniyyət, icma və şəhər identikliyi transformasiya prosesində bir araya gətirilir.
Mina Hasman WUF13 barədə təəssüratlarını da bölüşərək, sessiyada qlobal mənzil məsələləri ətrafında geniş və dərin müzakirələrin aparıldığını diqqətə çatdırıb.
"Bu, mənim Bakıya ilk səfərimdir. Burada məskunlaşma ilə bağlı aparılan əhatəli müzakirələri yüksək qiymətləndirirəm. COP29-da olduğu kimi, Bakının belə vacib qlobal mesajların çatdırıldığı platformada təmsil olunması sevindiricidir", - deyə o əlavə edib.
Milli.Az