Prodüser və aparıcı Tarix Əliyev (Tolik) ilə müğənni Əminə Şirin arasında yaranan narazılıq yenidən gündəmə gəlib.
Milli.Az-ın məlumatına görə, Tolik efirdə səsləndirilən fikirlərə münasibət bildirərək Əminə Şirinin onun haqqında dediklərinin doğru olmadığını bildirib. Aparıcı qeyd edib ki, vaxtilə televiziya rəhbərliyinin icazəsi olmadan heç bir ifaçını efirə çıxarmaq mümkün deyildi.
Tolik bildirib ki, həmin dövrdə musiqi departamentinin rəhbəri olan aparıcı Çiçək efirə çıxacaq müğənnilərin siyahısını hazırlayırdı. Onun sözlərinə görə, Əminə Şirin bir dəfə efirə qatıldıqdan sonra rəhbərlik sənətçini bəyənib və digər verilişlərə dəvət olunması üçün tapşırıq verib.
O həmçinin qeyd edib ki, heç vaxt Röya Ayxannın zəngi ilə kiminsə efirə çağırılması məsələsinə qarışmayıb və Əminənin sənətini danmadığını vurğulayıb:
"Haqqıma girmisən. Efirdə dedin ki, Röya deyəndən sonra səni efirlərə çağırmağa başladılar. Mənim rəhbərim var idi, icazəsiz heç kimi efirə çıxara bilməzdim. O da səni tanımadığı üçün əvvəl efirə gəlməyinə bir az tərəddüd etmişdi. O vaxt aparıcı Çiçək kanalda musiqi departamentinin rəhbəri idi. Ödənişli və ya ödənişsiz efirə çıxan müğənnilərin həftəlik siyahısını o hazırlayırdı. Sən bizim efirə bir dəfə gəldin. Rəhbərlik səni görüb Zaur Kamalı da çağırdı və digər verilişlərə də tapşırdı ki, o qızı efirə çağırsınlar. Mən rəhbərimin yanına gedib deyə bilməzdim ki, Röya filan müğənnini efirə çağırın deyib. Röya mənə zəng etmişdi, televiziya rəhbərinə yox. Mən sadəcə öz verilişimlə bağlı xahiş etmişdim. Əminə ilə danışmadığım vaxtlarda belə onun sənətini danmamışam. 'Tolik mənim yolumu kəsib' deməklə haqqıma girirsən".
Əminə Şirin isə özünü belə müdafiə edib:
"Mən demişəm ki, Tolik anamın göz yaşına səbəb olub. Mənə göstəriblər ki, sən instaqram səhifələrinə yazmısan: 'Bu qızla bağlı paylaşım etsəniz, mənimlə düşmən olarsınız'.
Bu, qabağımı kəsmək, çörəyimə mane olmaq deyil? O vaxt maddi vəziyyətim yaxşı deyildi, efirlərə çıxa bilmirdim. Bəlkə instaqramda kimsə məni görüb restorana, tədbirə ifa etməyə çağıracaqdı...".
Tərəflər arasında səsləndirilən qarşılıqlı fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Musa
Milli.Az