Ampullar açılarkən yaranan mikroskopik şüşə hissəciklərinin dərmanın içinə düşməsi ehtimalı tibb mütəxəssislərinin uzun illərdir diqqət mərkəzində olan mövzularından biridir.
Milli.Az-ın məlumatına görə, yavaş çəkilişlə aparılan müşahidələr göstərir ki, ampul qırıldığı zaman çox kiçik şüşə fraqmentləri həqiqətən də mayenin içinə düşə bilər. Bu isə həmin preparatın şprislə çəkilərək xəstəyə vurulması zamanı şüşə hissəciklərinin orqanizmə daxil olması ehtimalını gündəmə gətirir.
Mütəxəssislər bildirirlər ki, belə risk tamamilə istisna olunmasa da, ümumilikdə olduqca aşağı hesab edilir. Bunun əsas səbəbi standart iynələrin daxili diametrinin çox nazik olmasıdır. Nəticədə daha iri şüşə hissəcikləri iynədən keçə bilmir.
Bununla yanaşı, bir sıra xəstəxanalarda təhlükəsizliyi artırmaq məqsədilə 5 mikronluq filtrli iynələrdən istifadə olunur. Bu iynələr mayedə ola biləcək mikroskopik hissəcikləri süzərək xəstəyə keçməsinin qarşısını alır.
Təcrübəli tibb bacıları da riski minimuma endirmək üçün xüsusi üsullardan istifadə edirlər. Dərmanı çəkərkən ampulu tərsinə çevirirlər və dibində az miqdarda maye saxlayaraq mümkün şüşə qırıntılarının şprisə çəkilməməsinə çalışırlar.
Mütəxəssislərin sözlərinə görə, düzgün texnika və uyğun tibbi avadanlıqdan istifadə olunduqda ampullardan dərman çəkilməsi zamanı yaranan risk çox aşağı səviyyədə qalır.
Mina Mikayılova
Milli.Az