"Comex" əmtəə platformasında qızılın fyuçers qiymətlərində eniş qeydə alınıb. 2026-cı ilin iyun ayı üzrə tədarük nəzərdə tutulan qızıl müqavilələrinin dəyəri martın 30-dan bəri ilk dəfə 4 500 dollar həddindən aşağı düşüb.
Milli.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 05:02-də qızılın bir troya unsiyası 1.43 faiz ucuzlaşaraq 4 496.7 dollara qədər geriləyib. Bir neçə dəqiqə sonra eniş tempi zəifləyib və qiymət 4 507 dollar səviyyəsində formalaşıb. Saat 06:20-yə olan göstəricidə isə fyuçerslərin dəyəri 0.57 faiz azalaraq 4 536 dollara bərabər olub.
Gümüş bazarında da oxşar vəziyyət müşahidə edilib. Belə ki, gümüşün fyuçers qiyməti mayın 5-dən sonra ilk dəfə 75 dollar həddinin altına enib. Saat 04:34-də qiymət 3.66 faiz aşağı düşərək 74.7 dollar təşkil edib. Daha sonra ucuzlaşma davam edib və bir unsiya 74.33 dollara qədər geriləyib. Son göstəricilərə əsasən isə gümüşün qiyməti 75.41 dollar civarında qərarlaşıb.