Vətəndaşın 32 500 manatı dələduzluq yolu ilə alınıb - ŞİKAYƏT

18 May 2026 12:42

Vətəndaşın pulu dələduzluq yolu ilə ələ keçirilib.

Bununla bağlı Milli.Az-a şikayət daxil olub.

Şikayətçinin sözlərinə görə, 2019-2020-ci illərdən başlayaraq Səkinə Seyidova adlı şəxs onun etibarından sui-istifadə edərək, guya xaricdən qab-qacaq gətirilərək satılacağını və əldə olunacaq qazancın yarısının ona veriləcəyini bildirib. Bu vədlərlə zərərçəkəndən ümumilikdə 25 min manat pul alıb.

Pul hissə-hissə verilib. Verilərkən rəsmi müqavilə bağlanmayıb, real mal dövriyyəsi sübut olunmayıb, pulun geri qaytarılması üçün hüquqi təminat verilməyib.

İddialara əsasən, sonrakı mərhələdə Səkinə Seyidovanın atası Hüseyn Səfərov, qardaşı və digər yaxınları da prosesə qoşularaq müxtəlif bəhanələrlə əlavə pul tələb ediblər. Şikayətçi bildirir ki, daha sonra Ali Məhkəmədə qərar üçün, icra-probasiya məsələləri, əmlak hərracı və həbsxanada görüş üçün vəsait lazım olduğu deyilib. Bu yolla ondan əlavə olaraq 7 500 manat alınıb.

Zərərçəkən həmin məlumatların sonradan apardığı araşdırmalar nəticəsində həqiqətə uyğun olmadığını müəyyən etdiyini bildirir.

Qeyd olunur ki, pul etibardan sui-istifadə və aldatma yolu ilə əldə olunub. Pulun qaytarılması niyyəti olmadan, yeni vəsaitlər cəlb etmək məqsədi güdülüb. Əməllər uzun müddət davam edən, planlı və sistemli xarakter daşıyır. Zərər xeyli miqdardadır və bir neçə şəxs tərəfindən qrup halında törədilib. Şikayətçi bu faktlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 178.3 maddələri üzrə hüquqi qiymət verilməsini tələb edir.

O, həmçinin Səkinə Seyidova, Hüseyn Səfərov və digər şəxslər barəsində cinayət işi başlanmasını, materialların istintaqa verilməsini və dəymiş maddi zərərin tam şəkildə ödənilməsi üçün tədbirlər görülməsini xahiş edir.

Mina Mikayılova
Milli.Az