“Ulduzlara doğru” özəl bağçada nə baş verir? - BŞTİ-dən AÇIQLAMA

18 May 2026 10:28

Bakının Nəsimi rayonunda fəaliyyət göstərən "Ulduzlara doğru" uşaq bağçası ilə bağlı maraqlı görüntülər sosial şəbəkələrdə yayılıb. 

Milli.Az xəbər verir ki, görüntülərə əsasən, 4-cü mikrorayon ərazisində, Mir Cəlal küçəsi 24 ünvanında yerləşən bağçanın həyətində qoyun, çəpiş və toyuq saxlanılır.

İddialara əsasən, havaların isinməsi ilə birlikdə həmin ərazidən yayılan xoşagəlməz qoxu yaxınlıqda yaşayan sakinlərin narazılığına səbəb olub. Yerli sakinlər xüsusilə həyətdə heyvan saxlanılmasının sanitar vəziyyətə mənfi təsir etdiyini bildirirlər. 

Məsələ ilə bağlı bağça rəhbərliyi bildirdi ki, həyətdə saxlanılan heyvanlar uşaqların psixoloji inkişafına dəstək məqsədi daşıyır:

"Balaca heyvanlar alınır bir müddət saxlanıldıqdan sonra aidiyyatı üzrə təhvil verilir". 

Mövzu ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən qeyd edildi ki, bağça özəl müəssə olduğundan onlara müdaxilə etmək səlahiyyətləri yoxdur. 

Asya
Milli.Az