Milli.Az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Avropa İttifaqının Ermənistandakı missiyası ilə bağlı məsələ çoxdan diplomatik protokol çərçivəsindən çıxıb. Kağız üzərində bu, müşahidə, hesabat, gərginliyin azaldılması və etimadın möhkəmləndirilməsi üçün yaradılmış silahsız mülki strukturdur. Reallıqda isə Azərbaycan üçün bu missiya getdikcə Ermənistanın təhlükəsizlik sisteminə inteqrasiya olunmuş və Azərbaycanla şərti sərhədə yaxın həssas zonada işləyən birtərəfli siyasi-kəşfiyyat infrastrukturunun elementi kimi görünür.
Avropalı müşahidəçinin əlində binoklla sərhəddə dayanması heç kimi çaşdırmamalıdır. Bu adam nə hücum bölməsinin əsgəridir, nə klassik mənada artilleriya korrektirovkaçısı, nə silahlı sülhməramlı, nə də müstəqil hərbi qüvvə. Amma müasir təhlükəsizlik arxitekturası daha mürəkkəb qurulub. Təhlükə binokl tutan şəxsin özündə deyil, vizual müşahidə ilə başlayıb Brüsseldə, Parisdə və ya başqa bir Avropa paytaxtında siyasi qərarla bitən zəncirdədir.
Bu zəncir belə işləyir: müşahidə, qeydəalma, interpretasiya, məruzə, diplomatik bəyanat, informasiya kampaniyası və Azərbaycana təzyiq. Məhz bu bağlılıqda Aİ missiyası guya neytral monitorinq alətindən siyasi risk faktoruna çevrilir.
Formal olaraq EUMA 2023-cü il fevralın 20-də fəaliyyətə başlayıb. Missiya Ermənistan ərazisində işləyir və Aİ-nin rəsmi versiyasına görə, Azərbaycanla sərhədin Ermənistan tərəfində vəziyyəti müşahidə edir. 2025-ci ilin yanvarında Aİ Şurası onun mandatını 2027-ci il fevralın 19-dək uzatdı və bu müddət üçün 44 milyon avrodan artıq vəsait ayırdı. Avropa strukturlarının məlumatına əsasən, ikinci mandat 225-dək əməkdaşı nəzərdə tutur. Onlardan 166-sı beynəlxalq, 59-u isə yerli işçidir. Missiyada Aİ-nin 25 ölkəsinin və Kanadanın nümayəndələri iştirak edir.
Bu, artıq simvolik mövcudluq deyil. Bu, tamhüquqlu institusional sistemdir. Onun ştatı, büdcəsi, marşrutları, analitik vertikalı, siyasi hesabat mexanizmi və uzunmüddətli mövcudluq məntiqi var. Ona press-reliz gözü ilə deyil, kəşfiyyatçı baxışı ilə yanaşanda isə aydın görünür: söhbət sadəcə müşahidədən getmir. Söhbət Azərbaycanın ətrafında dayanıqlı situativ məlumatlılıq sisteminin formalaşdırılmasından gedir.
Peyklər dövründə binokl niyə köhnəlməyib
İlk baxışda vəziyyət az qala absurd görünür. XXI əsrdə yüksək keyfiyyətli peyklər, pilotsuz uçuş aparatları, radiotexniki kəşfiyyat, kommersiya peyk görüntüləri, süni intellekt alqoritmləri, böyük məlumatların analiz sistemləri mövcuddur. Təbii sual yaranır: bəs sərhəddə binokllu adamlara nə ehtiyac var?
Cavab sadədir: peyk obyekti görür, insan isə davranışı oxuyur.
Peyk görüntüsü yolu, səngəri, mühəndis qurğusunu, texnikanı, anbarı, kolonu, ərazidə yeni obyekti göstərə bilər. Amma görüntü həmişə əsas suala cavab vermir: əslində nə baş verir? Bu, real hazırlıqdır, yoxsa nümayişkaranə siqnal? Bu, daimi mövqedir, yoxsa müvəqqəti yerləşmə? Bu, mühəndis işləridir, yoxsa hərbi fəallıq? Bu, adi logistika prosesidir, yoxsa hazırlıq rejiminin dəyişməsi?
Yerdəki müşahidəçi kəşfiyyat məktəbinin davranış dinamikası adlandırdığı məqamları qeydə alır. Hərəkət nə vaxt başladı? Marşrutlar nə qədər tez-tez dəyişir? Günün hansı saatlarında fəallıq artır? Texnika harada daimi dayanır, harada isə epizodik görünür? Hərbçilər özlərini necə aparır? Əsəbilik, gücləndirmə, maskalanma, rotasiya, hazırlıq əlamətləri varmı?
Bu, artıq sadəcə müşahidə deyil. Bu, "pattern of life analysis", yəni obyektin həyat ritminin analizidir. Kəşfiyyatda belə informasiya çox vaxt bir dənə gözəl peyk şəklindən daha qiymətli olur. Çünki müharibə, böhran və eskalasiya təkcə texnikadan başlamır. Onlar normadan yayınmalarla başlayır.
Dünən boş olan sahədə bu gün müntəzəm patrullar peyda olubsa, bu, siqnaldır. Nadirdən-nadir istifadə olunan yol qəfil aktivləşibsə, bu, siqnaldır. Müəyyən yüksəklik daimi maraq predmetinə çevrilibsə, bu, siqnaldır. Ermənistan tərəfi vəziyyəti təxribata sürükləyir, avropalı müşahidəçi isə yalnız Azərbaycanın reaksiyasını qeydə alırsa, bu, artıq sadəcə siqnal deyil, sabahın siyasi materialıdır.
Məhz buna görə binokl peyklə rəqabət aparmır. O, peyki tamamlayır. O, şəkli kontekstə çevirir. Siyasətdə isə kontekst çox vaxt faktın özündən daha mühüm olur.
Ground truth: mülki müşahidənin ən təhlükəli hissəsi
Kəşfiyyatda "ground truth" anlayışı var, yəni yerdə təsdiqləmə. Peyk görüntü verir. Alqoritm ilkin qiymətləndirmə aparır. Açıq mənbələr fraqmentlər təqdim edir. Amma yerdəki insan hipotezi təsdiqləyir və ya təkzib edir.
Məsələn, peyk yeni obyekt qeydə alıb. Bu nədir? Səhra mövqeyi? Anbar? Mülki tikinti? Aldadıcı obyekt? Müvəqqəti bazalanma texnikası? Adi nəqliyyat? Yerdəki adam, hətta əlində yalnız binokl olsa belə, detalları dəqiqləşdirə bilər: maşınların tipi, mühafizə rejimi, hərəkət istiqaməti, yerdəyişmənin tezliyi, personalın davranışı, rabitənin olub-olmaması, fəallığın xarakteri.
Bundan sonra həmin məlumatları peyk görüntüləri, diplomatik mesajlar, Ermənistanın hesabatları, açıq mənbələr, Qərb analitik mərkəzlərinin materialları və informasiya kampaniyaları ilə tutuşdurmaq olur. Beləcə, tək bir müşahidə deyil, çoxqatlı mənzərə yaranır.
Ona görə də "bunlar sadəcə mülki müşahidəçilərdir" arqumenti həddindən artıq sadəlövh səslənir. Müasir siyasətdə kəşfiyyat dəyəri təkcə məxfi agentlərdə və hərbi bazalarda yaranmır. Humanitar missiyalar, monitorinq qrupları, ekspert nümayəndə heyətləri, hüquq müdafiə strukturları, jurnalist səfərləri, analitik layihələr və mülki müşahidəçilər də bu dəyərə malik ola bilər.
XXI əsrin kəşfiyyatı ekosistemdir. Bu sistemdə peyk görüntü verir, insan kontekst yaradır, analitik interpretasiya edir, diplomat formul verir, media yayır, siyasətçi qərar çıxarır. Buna görə Ermənistan tərəfində, sərhədin yaxınlığında binokl tutan şəxs anaxronizm deyil. O, böyük müşahidə sistemində insan sensorudur.
Birtərəfli missiya niyə neytral ola bilməz
Aİ missiyasının əsas problemi təkcə onun Azərbaycana tərəf baxması deyil. Əsas problem ondadır ki, bu missiya yalnız Ermənistan tərəfindən, Ermənistanın dəvəti ilə, Ermənistanın siyasi-hərbi mühitində, Ermənistan strukturları ilə təmasda və Azərbaycan tərəfinə simmetrik çıxış olmadan fəaliyyət göstərir.
Bu, prinsipial məqamdır.
Neytrallığı press-relizlə elan etmək olmaz. Onu praktikada sübut etmək lazımdır. Əgər struktur fiziki olaraq yalnız bir tərəfdə yerləşirsə, çıxışı yalnız bir tərəf vasitəsilə əldə edirsə, bir tərəfin infrastrukturundan asılıdırsa, əsasən bir tərəflə ünsiyyətdədirsə və yalnız bir əməliyyat mühitindən müşahidə aparırsa, o, tam qərəzsiz arbitr kimi qəbul edilə bilməz.
Missiyanın ayrı-ayrı əməkdaşları peşəkar məsafəni səmimi şəkildə qorumağa çalışsalar belə, institusional çərçivə artıq müəyyən edilib. Missiya Ermənistan kontekstinə yerləşdirilib. O, sərhədi Ermənistan coğrafiyasının, Ermənistan çıxış imkanlarının, Ermənistan gündəminin və Ermənistan təhlükəsizliyinin gözü ilə görür.
Münaqişədə yarımçıq mənzərə bəzən mənzərənin ümumiyyətlə olmamasından daha təhlükəlidir. Çünki o, obyektivlik illüziyası yaradır.
Müşahidəçi yalnız bir tərəfdə baş verənləri görürsə, istər-istəməz ayrıca fraqmenti ümumi nəticəyə çevirmək riski ilə üzləşir. Hadisələrin tam zəncirini görmürsə, reaksiyanı qeydə ala, amma təxribatı anlamaya bilər. Nəticəni görə, amma səbəbi görməyə bilər. Gərginliyi təsvir edə, amma onu kimin və niyə yaratdığını görməyə bilər.
Siyasi baxımdan əlverişli yarımhəqiqət məhz belə doğulur.
Ermənistan müşahidəçi yox, xarici çətir qazanır
Yerevan üçün Aİ missiyası eyni anda bir neçə funksiya yerinə yetirir.
Birinci funksiya psixolojidir. Ermənistan cəmiyyətinə belə mesaj verilir: Avropa yanınızdadır, Avropa görür, Avropa buradadır, Avropa tək qoymayacaq. 2020-ci ildən sonra, xüsusən də 2023-cü ildə Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsindən sonra Ermənistanın siyasi sistemi strateji şok vəziyyətinə düşdü. Köhnə təminatlar işləmədi. Rusiya amili artıq mütləq müdafiə kimi qəbul olunmadı. Bu şəraitdə Avropa missiyası Yerevan üçün yeni sığortanın simvoluna çevrildi.
İkinci funksiya diplomatikdir. Ermənistan sərhəddə daimi Avropa kanalı əldə edir. İstənilən insidenti daha tez beynəlxalq gündəmə çıxarmaq mümkündür. İstənilən gərginliyi "Ermənistanın qorunmasına ehtiyac var" tezisinin təsdiqi kimi təqdim etmək olur. Ərazidə istənilən hərəkəti siyasi materiala çevirmək mümkündür.
Üçüncü funksiya informasiya xarakterlidir. Müşahidəçi, Aİ bayraqlı avtomobil, binokl, sərhədyanı kənd, təhlükəsizliklə bağlı həyəcanlı ritorika - bütün bunlar vizual süjet yaradır. Sonra bu süjet asanlıqla Qərb diskursuna daxil olur: Ermənistan həssas demokratiya kimi, Aİ sabitliyin müdafiəçisi kimi, Azərbaycan isə şübhə obyekti kimi təqdim edilir.
Dördüncü funksiya danışıqlarla bağlıdır. Missiyanın mövcudluğu Yerevana Bakı ilə öhdəliklərini yerinə yetirməli olan tərəf kimi deyil, arxasında Avropa siyasi resursu dayanan tərəf kimi danışmağa imkan verir. Bu, sülhə xidmət etmir. Bu, prosesi uzatmaq, ağrılı qərarlardan yayınmaq, revanşist ritorikanı saxlamaq və daha əlverişli xarici konfiqurasiyanı gözləmək həvəsi yaradır.
Beşinci funksiya stratejidir. Ermənistan tədricən Aİ-ni öz təhlükəsizlik sisteminə çəkir. Söhbət artıq təkcə EUMA-dan getmir. 2026-cı ilin aprelində Aİ Ermənistanda daha bir mülki strukturu, Aİ-nin Ermənistanla tərəfdaşlıq missiyasını təsdiqlədi. Onun bəyan edilən məqsədi Ermənistanın dayanıqlığını artırmaq, böhranların idarə olunmasına dəstək vermək və demokratik müqavimət qabiliyyətini gücləndirməkdir. Formal olaraq bu, ayrıca formatdır. Amma siyasi baxımdan o, müşahidə missiyasını tamamlayır və Ermənistan dövlət sistemi daxilində Avropa mövcudluğunu genişləndirir.
Qarşımızda binoklla bağlı epizod deyil. Qarşımızda Ermənistan ətrafında Avropanın siyasi-təhlükəsizlik konturunun mərhələli şəkildə qurulması dayanır.
Brüssel təkcə sərhədə yox, bütün Cənubi Qafqaza baxır
Aİ Cənubi Qafqaza Rusiyanın monopoliyasının zəifləməsindən sonra öz təsirini möhkəmləndirə biləcəyi məkan kimi baxır. Bu məntiqdə Ermənistan əlverişli giriş nöqtəsidir. O, Rusiyadan məyusdur, Qərbə can atır, təminatlara ehtiyac duyur, Azərbaycan qarşısında mövqeyini gücləndirmək istəyir və eyni zamanda revanşist qüvvələrin daxili təzyiqindən qorxur.
Ona görə Aİ missiyası təkcə Ermənistan-Azərbaycan sərhədi haqqında deyil. Bu, yeni təsir arxitekturası haqqındadır.
2020-ci ildən sonra Cənubi Qafqaz Moskvanın rolları avtomatik bölüşdürdüyü qapalı postsovet zona olmaqdan çıxdı. İndi buraya Aİ, Fransa, ABŞ, Hindistan, İran, Türkiyə və başqa oyunçular daha fəal daxil olur. Hər kəs öz gündəmi ilə gəlir. Hər kəs dayaq nöqtəsi axtarır. Hər kəs öz təsir kanalını möhkəmləndirməyə çalışır.
Bu kontekstdə "binokl" region uğrunda yeni mübarizənin simvoluna çevrilir. Onun vasitəsilə Aİ sadəcə Azərbaycana nəzarət etmir. O, öz siyasi mövcudluğunu fiksə edir. O göstərir: Avropa artıq yerdədir, Avropa artıq iştirak edir, Avropanın artıq sahədə gözləri var.
Azərbaycan üçün bu, neytral detal ola bilməz. Çünki söhbət Bakının həyati maraqlarının olduğu regiondan, kommunikasiyalardan, təhlükəsizlikdən, delimitasiyadan, sülh müqaviləsindən, postmünaqişə reallığından və Cənubi Qafqazın gələcək arxitekturasından gedir.
Fransa faktoru: Bakı niyə Avropanın qərəzsizliyinə inanmır
Burada Fransa xüsusi rol oynayır. Son illərdə Paris açıq-aşkar ermənipərəst mövqe tutub, Yerevana siyasi baxımdan fəal dəstək verir, anti-Azərbaycan təşəbbüslərini irəli sürür, Ermənistanın hərbi gücləndirilməsində iştirak edir və özünü erməni xəttinin əsas Avropa vəkili kimi təqdim etməyə çalışır.
Bu fonda Aİ-nin istənilən missiyası, hətta formal olaraq bütün ittifaq adından fəaliyyət göstərsə belə, Bakıda Fransa təsirinin prizmasından qəbul olunur. Bu yanaşmanı əsassız adlandırmaq da mümkün deyil. Paris həqiqətən də Avropada erməni gündəminin əsas lobbiçilərindən birinə çevrilib.
Məhz buna görə missiyanın "mülki", "neytral" və "deeskalasiya xarakterli" olması barədə bəyanatlar Azərbaycanı inandırmır. Əgər missiyanın ətrafındakı siyasi mühit ermənipərəst siqnallarla yüklənibsə, əgər Avropa nümayəndə heyətləri sərhədyanı səfərlərdən anti-Azərbaycan narrativi istehsal etmək üçün istifadə edirsə, əgər missiya Azərbaycana qarşı media mənzərəsinin bir hissəsinə çevrilirsə, burada etimaddan danışmaq mümkün deyil.
Bir əllə sülhdən danışıb, o biri əllə Ermənistanın ətrafında Yerevana birbaşa qərarlardan yayınmaq imkanı verən siyasi qalxan yaratmaq olmaz.
Donbas presedenti: mülki missiya interpretasiya silahı kimi
Başqa münaqişələrin təcrübəsi göstərir ki, missiyanın mülki statusu onun nəticələrinin neytrallığına zəmanət vermir.
ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyası formal olaraq mülki və silahsız idi. O, müşahidə aparır, pozuntuları qeydə alır, hesabatlar hazırlayırdı. Amma onun gündəlik məlumatları Donbas ətrafında siyasi savaşın bir hissəsinə çevrildi. Hər tərəf missiyanın formulirovkalarından öz xeyrinə istifadə etməyə çalışırdı. Hər epizod diplomatik dövriyyəyə buraxılırdı. Hər hesabat ittihamlar, bəyanatlar, sanksiya məntiqi və informasiya kampaniyaları üçün materiala çevrilirdi.
Müşahidəçilər döyüşmürdülər. Amma onların hesabatları silaha çevrilirdi.
Azərbaycan üçün dərs aydındır: mülki missiya atəş açmaya bilər, amma onun sənədləri diplomatik müharibədə sursat kimi işləyə bilər. Xüsusən də həmin sənədlərin interpretasiyası əvvəlcədən siyasi baxımdan qərəzli kontekstə yerləşdirilibsə.
Gürcüstan presedenti: müvəqqəti mövcudluq daimi arxitekturaya çevrilir
2008-ci il müharibəsindən sonra Aİ Gürcüstanda müşahidə missiyası yerləşdirdi. Onun məqsədi sabitləşdirmə, monitorinq və insidentlərin qarşısının alınması kimi təqdim olunurdu. Amma praktikada bu missiya regionda Avropa mövcudluğunun daimi elementinə çevrildi.
O, fundamental münaqişəni həll etmədi. Qarşıdurmanın səbəblərini aradan qaldırmadı. Strateji reallığı dəyişmədi. Amma Aİ-nin yerdəki mövcudluğunu institusionallaşdırdı.
Azərbaycan üçün vacib olan da məhz bu məqamdır. Müvəqqəti kimi gələn istənilən missiya çox vaxt daimi olaraq qalır. Əvvəlcə deeskalasiyadan danışırlar. Sonra mandatı uzadırlar. Ardınca ştatı genişləndirirlər. Daha sonra əlavə proqramlar, tərəfdaşlıq missiyaları, böhranların idarə olunması üzrə ekspertlər, müşavirlər, analitiklər, təlimlər və yeni büdcələr ortaya çıxır.
Müşahidə kimi başlayan proses təsir infrastrukturuna çevrilir.
Ermənistanda da eyni prosesi görürük. EUMA artıq 2027-ci ilədək uzadılıb. Əlavə Avropa formatları meydana çıxır. Ermənistanın ətrafında tədricən müvəqqəti mexanizm yox, uzunmüddətli siyasi konstruksiya qurulur.
Kosovo presedenti: missiya yeni reallığın legitimləşdirilməsi mexanizmi kimi
Kosovoda beynəlxalq missiyalar da təhlükəsizlik, sabitləşdirmə və zorakılığın qarşısının alınması şüarları altında başlamışdı. Amma sonradan onlar yeni reallığın siyasi konstruksiyasının bir hissəsinə çevrildi. Beynəlxalq mövcudluq təkcə nəzarət aləti kimi yox, həm də konkret siyasi xəttin legitimləşdirilməsi mexanizmi kimi işləməyə başladı.
Azərbaycan üçün burada prinsip vacibdir: xarici missiya nadir hallarda sadəcə müşahidəçi olaraq qalır. Hüquqi baxımdan bu inkar edilsə də, siyasi baxımdan o, prosesin iştirakçısına çevrilir. O, qavrayışa təsir edir. Hadisələrin təsviri üçün dili müəyyənləşdirir. "Müşahidələr" arxivi yaradır. Tərəflərdən biri üçün legitimlik mənbəyinə çevrilir.
Məhz buna görə Aİ-nin Ermənistandakı missiyası zərərsiz detal kimi qiymətləndirilə bilməz. O, artıq baş verənlərin interpretasiyası uğrunda siyasi mübarizəyə daxil edilib.
Cənubi Livan presedenti: missiya münaqişəni həll etmir, amma mühiti dəyişir
UNIFIL Cənubi Livanda onilliklərdir mövcuddur. O, münaqişənin kök səbəblərini aradan qaldırmadı, təhdidləri yox etmədi, bütün eskalasiyaların qarşısını almadı. Amma onun mövcudluğu bütün tərəflərin hesablaşmaq məcburiyyətində qaldığı daimi beynəlxalq faktora çevrildi.
Bu da başqa bir mühüm dərsdir. Missiya birbaşa hərbi təhdid olmaya bilər, amma əməliyyat mühitini dəyişir. O, xarici şahid, xarici interpretator, xarici vasitəçi və böhranın xarici iştirakçısını yaradır.
Ermənistan məsələsində də Avropa missiyası mühiti dəyişir. O, Yerevanın davranışına, Bakının hesablamalarına, Brüsseldə regionun qavranılmasına, media mənzərəsinə və diplomatik dinamikaya təsir göstərir.
Missiya konkret nə toplaya bilər
Azərbaycan ərazisinə keçmədən belə, missiya praktiki dəyəri olan informasiya toplaya bilər.
O, fəallığın vizual əlamətlərini qeydə ala bilər. Ərazidə mühəndis dəyişikliklərini izləyə bilər. Hərəkət marşrutlarını müşahidə edə bilər. Patrul tezliyini qeyd edə bilər. Sərhəd rejiminin xarakterini analiz edə bilər. Ermənistanın hərəkətlərinə Azərbaycan tərəfinin reaksiyasını görə bilər. Relyefin zəif yerlərini müəyyənləşdirə bilər. Zaman üzrə qanunauyğunluqları üzə çıxara bilər. Siyasi hesabatlar üçün material toplaya bilər.
Bunların çoxunu peyklə də əldə etmək mümkündür. Amma hamısını yox. Yerdə olan insanın əsas üstünlüyü ondadır ki, o, tədricən normanı anlayır. Norma başa düşüləndə isə yayınma görünməyə başlayır.
Kəşfiyyat yayınmalarla yaşayır.
Əgər missiya aylarla eyni marşrutlarla hərəkət edir, eyni nöqtələrə qayıdır, əvvəlki və cari müşahidələri müqayisə edir, dəyişiklikləri qeydə alırsa, o, dinamik mənzərə yaradır. Bu, artıq foto deyil. Bu, filmdir. Film isə hər zaman ayrı bir kadrdan daha informativdir.
Texniki baxımdan binokl sadəcə vitrin ola bilər
XXI əsrin müşahidəçisi nadir hallarda yalnız binoklla işləyir. Hətta mülki missiya belə qorunan rabitədən, GPS-dən, rəqəmsal xəritələrdən, planşetlərdən, kameralardan, fotoqeydlərdən, koordinat bağlamalarından, elektron müşahidə jurnallarından və daxili məlumat bazalarından istifadə edə bilər.
Yaxşı optikası və dəqiq geolokasiyası olan adi kamera belə ciddi sənədləşdirmə alətidir. Əgər belə məlumatlar müntəzəm toplanırsa, onlar zaman qatları yaratmağa imkan verir: bir ay əvvəl nə var idi, bu gün nə dəyişib, harada yeni fəallıq yaranıb, hansı yol daha çox istifadə olunmağa başlayıb, hansı obyekt əhəmiyyətini itirib, hansı sahə həssaslaşıb.
Kəşfiyyat işində buna indikator bazası deyilir. O, təkcə keçmişi təsvir etmək üçün yox, həm də gələcəyi proqnozlaşdırmaq üçün lazımdır.
Ona görə binokl haqqında mübahisə aysberqin yalnız görünən hissəsidir. Sual konkret müşahidəçinin nə qədər uzağı görməsində deyil. Sual ondadır ki, onun müşahidəsi ümumi məlumat massivinə necə daxil edilir və sonra bu massivi kim istifadə edir.
Əsas təhlükə müşahidə deyil, siyasi interpretasiyadır
Sabah şərti sərhəddə insident baş versə, missiyanın hesabatı beynəlxalq reaksiyanın bir hissəsinə çevrilə bilər. Sənəd ehtiyatlı tərtib olunsa belə, onun siyasi interpretasiyası birtərəfli çıxa bilər. Bundan sonra tanış mexanizm işə düşür: Avropa bəyanatları, media başlıqları, ekspert şərhləri, Bakıya təzyiq, Azərbaycanı təhlükə mənbəyi kimi təqdim etmək cəhdləri.
Məhz buna görə Azərbaycan yalnız missiyanın nə gördüyünü deyil, onun müşahidələrinin necə istifadə olunduğunu da qiymətləndirməlidir.
Əsas suallar belə səslənməlidir: onlar hansı məlumatları toplayırlar? Ən çox hansı sahələrə gedirlər? Hansı strukturlarla informasiya mübadiləsi aparırlar? Hesabatları kim alır? Məlumatlar üçüncü tərəflərə ötürülürmü? Onlar peyk kəşfiyyatı ilə tutuşdurulurmu? Bu məlumatlardan siyasi təzyiqdə istifadə olunurmu? Onların əsasında anti-Azərbaycan narrativi formalaşdırılırmı?
Bu, məsələnin peşəkar qoyuluşudur. Emosional deyil, təbliğat xarakterli deyil, məhz peşəkar yanaşmadır.
Missiya sülhdən danışa-danışa sülhü necə poza bilər
Paradoks ondadır ki, gərginliyin azaldığını bəyan edən missiya faktiki olaraq qeyri-müəyyənliyi uzada bilər.
Əgər Yerevanda belə bir təsəvvür yaranırsa ki, onun arxasında Avropanın siyasi çətiri dayanır, o zaman real qərarlarla tələsməmək üçün stimul əldə edir. Sülh müqaviləsini uzatmaq olar. Konstitusiya dəyişikliklərini təxirə salmaq olar. Ərazi iddiaları ilə bağlı ikimənalılığı saxlamaq olar. Beynəlxalq platformalarda Azərbaycana qarşı kampaniya aparmaq olar. Elə görüntü yaratmaq olar ki, guya problem Bakı ilə birbaşa sülhün zərurətində deyil, "Ermənistanın təhlükəsizliyi" məsələsindədir.
Amma sülh binokllarla qurulmur. Sülh ərazi bütövlüyünün tanınması, iddialardan imtina, delimitasiya, kommunikasiyaların açılması, demarkasiya, qonşulara hörmət və revanşist siyasətə son qoyulması ilə qurulur.
Azərbaycana müharibə lazım deyil. Ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Bakı sülh müqaviləsində, regional inteqrasiyada, kommunikasiyaların açılmasında və Cənubi Qafqazın münaqişə zonasından tranzit-enerji qovşağına çevrilməsində maraqlıdır. Amma bir tərəf birbaşa danışıqlar aparır, o biri tərəf isə daim masaya xarici himayədarları gətirməyə çalışırsa, sülh mümkün deyil.
Azərbaycan üçün qırmızı xətt
Aİ missiyası öz-özlüyündə casus belli deyil. O, birbaşa hərbi qüvvə deyil. Onu dərhal işğal təhlükəsi kimi təqdim etmək olmaz. Bu, məsələnin sadələşdirilməsi olardı.
Amma missiyanın hesabatları Azərbaycana qarşı istifadə olunursa, o, bəyan edilmiş mandatın çərçivəsindən çıxırsa, müşahidələri üçüncü ölkələrin hərbi strukturlarına ötürülürsə, Ermənistan diplomatiyasının alətinə çevrilirsə, yalnız erməni versiyasını fiksə edirsə, revanşist qüvvələr üçün siyasi örtük yaradırsa, sülh prosesinə təzyiq mexanizminə çevrilirsə, təhlükəli xarakter alır.
Qırmızı xətt məhz buradan keçir.
Azərbaycan bu məsələni isterikaya çevirməməli, soyuqqanlı şəkildə sistemləşdirməlidir. Şəffaflıq tələb olunmalıdır. Missiyanın marşrutları və ictimai bəyanatları qeydə alınmalıdır. Onun informasiya məhsulları analiz edilməlidir. Fəaliyyətinin birtərəfli xarakteri göstərilməlidir. Xarici oyunçulara birbaşa sülh prosesini siyasi dekorasiyalarla əvəz etməyə imkan verilməməlidir.
Binokl yeni oyunun metaforası kimi
Nəticə etibarilə "binokl diplomatiyası" təsadüf və ya məişət detalı deyil. Bu, texnologiyadır. Onun mahiyyəti müşahidə etmək, qeydə almaq, müşayiət etmək, siyasiləşdirmək və tədricən Ermənistan sərhədini Avropa mövcudluğu xəttinə çevirməkdir.
Bu fəallığın əsas məqsədi Ermənistanın ətrafında beynəlxalq siyasi ekran yaratmaqdır. Həmin ekran Azərbaycanı psixoloji baxımdan cilovlamalı, Yerevanın danışıqlardakı mövqeyini gücləndirməli və Aİ-ni regionda yeni daimi oyunçu kimi möhkəmləndirməlidir.
Amma bu strategiyanın zəif yeri var. O, əsas suala cavab vermir: Azərbaycanla Ermənistan arasında davamlı sülh necə qurulmalıdır? Heç bir binokl siyasi məsuliyyəti əvəz edə bilməz. Heç bir missiya iddialardan imtinanı əvəz etmir. Patrul maşınının üzərindəki heç bir Avropa bayrağı revanşizm problemini həll etmir.
Əgər Aİ həqiqətən sülh istəyirsə, Ermənistan üçün xarici çətir yaratmağa yox, münaqişənin səbəblərini aradan qaldırmağa çalışmalıdır. O, Yerevandan aydınlıq, iddialardan hüquqi imtina, Azərbaycana qarşı beynəlxalq kampaniyanın dayandırılması və tamhüquqlu sülh müqaviləsinə hazır olmağı tələb etməlidir.
Əgər Brüssel regiona Ermənistan optikası ilə baxmağa davam edəcəksə, onun missiyası sabitlik faktoru kimi deyil, problemin bir hissəsi kimi qəbul olunacaq.
Azərbaycan artıq başqalarının sxemlərinin obyekti deyil
Bakı üçün nəticə aydındır. Aİ-nin Ermənistandakı missiyası birbaşa hərbi təhlükə deyil, amma kəşfiyyat-siyasi risk faktorudur. Onu nə kiçiltmək, nə məsxərəyə qoymaq, nə də mənasız saymaq olar. Alət nə qədər primitiv görünürsə, onun real funksiyasını gizlətmək bir o qədər asan olur.
Müşahidəçinin əlindəki binokl əsas məsələ deyil. Əsas məsələ həmin binokldan sonra ortaya çıxan hesabatdır. Daha vacibi isə həmin hesabat əsasında qəbul oluna biləcək siyasi qərardır.
Cənubi Qafqazın yeni bölünmə xətlərinə ehtiyacı yoxdur. Ona birbaşa dialoq, məsuliyyət, hüquqi aydınlıq və yeni reallığa hörmət lazımdır. Yeni reallıq isə budur: Azərbaycan artıq başqalarının sxemlərinin obyekti deyil. O, görən, analiz edən və cavab verən müstəqil güc mərkəzidir.
Və Avropa bayrağının yanında dayanan heç bir binokl bu faktı dəyişə bilməz.
Milli.Az