Müasir həyatın sürəti hər keçən gün artır. Onlarla bildiriş, bitməyən iş siyahıları və "özünün ən yaxşı versiyası" olmaq təzyiqi altında yaşayırıq. Yorulduğumuzda isə bunu çox vaxt şəxsi uğursuzluq kimi görürük. Halbuki son araşdırmalar göstərir ki, yaşadığımız bu tükənmişlik hissi yalnız fərdi problemlərdən deyil, içində olduğumuz iqtisadi sistemin - kapitalizmin ruh sağlığımıza təsirlərindən qaynaqlanır.
Milli.Az xəbər verir ki, tədqiqatçı Kərim Bettaşın işlərinə əsasən, kapitalizm yalnız iqtisadiyyatı deyil, həm də düşüncə tərzimizi, münasibətlərimizi və özümüzə verdiyimiz dəyəri dəyişir.
Qazanc üstünlüyü sindromu (Gain Primacy Syndrome)
Bu sistemdə insanın dəyəri məhsuldarlığı, qazancı və performansı ilə ölçülür. Artıq təhsil yalnız öyrənmək üçün deyil, "gələcəkdə nə qədər qazandıracaq" sualı üzərindən qiymətləndirilir. Hətta hobbillərimiz belə bir gəlir modelinə çevrilməyə məcbur edilir.
İnsan özünü yaşamaqdan çox, daim "optimize edilməli bir layihə" kimi görməyə başlayır. Bu da zihində heç vaxt dayanmayan bir performans təzyiqi yaradır.
Sıfır cəmli rəqabət sindromu (Zero-Sum Rivalry Syndrome)
Kapitalizmin əsas elementlərindən biri rəqabətdir. Bu baxış bucağına görə, başqasının uğuru bəzən şüuraltı olaraq insanın öz uğursuzluğu kimi qəbul edilir.
Sosial media bu müqayisə mexanizmini tetikləyir. Başqasının karyerası, evi və ya xoşbəxt münasibəti bizdə çatışmazlıq hissi yaradır. Bu, etibarsızlıq doğurur və sosial bağları zəiflədir. İnsanlar bir-birini dəstəkləyən fərdlər deyil, keçilməsi gərəkən rəqiblər kimi görürlər.
Sahiblik sindromu (Ownership Syndrome)
Bu sistemdə istehlak yalnız ehtiyac deyil, həm də kimliyimizi ifadə etmək yoludur. Reklamlar bizə sadəcə məhsul deyil, status və güc hissi satır.
Araşdırmalar göstərir ki, maddi sahiblik yönümlü yaşam tərzi daha yüksək anksiyeta və depressiya səviyyələri ilə əlaqəlidir. Çünki kənardan əldə edilən heç bir şey daxili təhlükəsizlik hissini tam doldura bilmir.
Mütamadi olaraq yetişməyə çalışmaq niyə bu qədər yorucudur?
Müasir dünyada istirahət etmək belə günahkarlıq hissi yaradır. Bir günü heç bir şey etmədən keçirmək "vaxtı boşa xərcləmək" kimi qəbul edilir. Çünki sistem yalnız işləməyi deyil, daim məşğul olmağı dəyərli sayır.
Kərim Bettaş və bir çox psixoloqlar bəzi fundamental dəyişiklikləri təklif edirlər:
Kollektiv iş modelləri: Yalnız fərdi rəqabətə deyil, əməkdaşlığa əsaslanan təhsil və iş sistemləri sosial bağları gücləndirir.
Duyğuların qəbulu: Tükənmişlik hissinin insanın zəifliyindən deyil, sistemin təzyiqindən qaynaqlandığını anlamaq lazımdır. Hər problemi "pozitiv düşünərək" həll etmək mümkün deyil.
Nəticə olaraq, bəzən ehtiyacımız olan şey özümüzü daha çox "optimizə etmək" deyil, sadəcə insan olduğumuzu - yorulmağa, istirahətə və duyğulara ehtiyacımız olduğunu xatırlamaqdır.
Lalə Qüdrətova
Milli.Az