Yeni Şəhər Gündəliyinin icrası üçün siyasi öhdəliklərin yenilənməsi vacibdir - Polşanın BMT-dəki səfiri

17 May 2026 10:08

Yeni Şəhər Gündəliyinin icrası üçün siyasi öhdəliklərin yenilənməsi vacibdir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Polşanın Birləşmiş Millətlər Təşkilatındakı səfiri Krzysztof Şçerski WUF13 çərçivəsində Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısında deyib.

O bildirib ki, iclas qlobal şəhər gündəliyi üçün mühüm mərhələdə baş tutur və şəhərlərin artan problemlərlə üz-üzə qaldığını qeyd edib.

"Yeni Şəhər Gündəliyinin qəbulundan təxminən on il keçməsinə baxmayaraq, şəhərlərimiz mənzil çatışmazlığı, bərabərsizliklər, iqlim dəyişikliklərinin təsiri, məcburi köç, eləcə də infrastruktur və əsas xidmətlərə artan təzyiqlərlə üzləşməkdə davam edir. Eyni zamanda şəhərlər iqtisadi inkişafın, innovasiyanın və dayanıqlığın mərkəzi olaraq qalır", - deyə o bildirib.

Səfir qeyd edib ki, BMT Baş Assambleyasının mandatı ilə bu il iyulun 16-17-də Nyu-Yorkda keçiriləcək Yeni Şəhər Gündəliyinin aralıq icmalı irəliləyişlərin qiymətləndirilməsi, boşluqların müəyyənləşdirilməsi və siyasi öhdəliklərin yenilənməsi baxımından vacib imkan yaradacaq.

"Polşa bu məqsədə sadiqdir və bu öhdəliyi beynəlxalq arenada nümayiş etdirir", - deyə o vurğulayıb.

Krzysztof Şçerski Polşanın 2022-ci ildə Katovitse şəhərində keçirilmiş 11-ci Dünya Şəhər Forumuna ev sahibliyini də xatırladıb və hazırda Malavi nümayəndəsi ilə birlikdə Yeni Şəhər Gündəliyinin icrasının sürətləndirilməsi üzrə siyasi bəyannamənin hazırlanması prosesini birgə əlaqələndirdiyini bildirib.

O qeyd edib ki, proses açıq, şəffaf və inklüziv şəkildə aparılır və üzv dövlətlərin prioritetlərini əks etdirməyi hədəfləyir.
Səfir vurğulayıb ki, sürətlə artan şəhər əhalisi fonunda bütün şəhərlərin sosial həmrəylik, iqtisadi imkanlar və dayanıqlılıq mərkəzinə çevrilməsi vacibdir.

"Şəhərlərin uğurlu inkişafı yalnız qlobal öhdəliklərdən deyil, həm də milli və yerli səviyyədə effektiv icradan, eləcə də çoxtərəfli əməkdaşlıqdan asılıdır", - deyə o bildirib.

O əlavə edib ki, World Urban Forum bu baxımdan mühüm platformadır və müxtəlif maraqlı tərəflər arasında təcrübə mübadiləsi və əməkdaşlıq üçün unikal imkan yaradır.

Çıxışının sonunda Polşa səfiri Bakıda aparılan müzakirələrin yüksək səviyyəli aralıq icmal prosesinə töhfə verəcəyinə ümid etdiyini bildirib.

Milli.Az