Çuğundur şirəsinin qadın sağlamlığına faydaları

17 May 2026 08:41

Sağlam qidalanma dedikdə çox vaxt ağla ilk gələn kələm olsa da, mütəxəssislər çuğundurun qadın sağlamlığı üçün əsl "gizli qəhrəman" olduğunu bildirirlər. Torpaq qoxulu və yüngül şirin dadı ilə seçilən çuğundur qadınların həyatının müxtəlif dönəmlərində (menstruasiya, hamiləlik və menopoz) mühüm dəstək təmin edir.

Milli.Az çuğundur şirəsinin faydaları və diqqət edilməli olan məqamları təqdim edir:

Diyetoloq Abigail Collen-in fikrincə, çuğundur lif, kalium, dəmir, folat (B9 vitamini) və antioksidantlarla zəngindir.

Lif: Həzmi tənzimləyir və qan şəkərini balanslaşdırır.

Kalium: Bədəndə maye balansını qoruyur, sinir və əzələ funksiyalarını tənzimləyir.

Nitratlar: Çuğundurdakı nitratlar bədəndə nitrik oksidə çevrilərək qan dövranını yaxşılaşdırır və əzələlərin daha səmərəli işləməsinə kömək edir.

Çuğundur suyu, yoxsa özü?
Çuğunduru bütöv yeməklə suyunu içmək arasında mühüm fərq var:

Şirə: Lif tərkibi çox azdır, buna görə də qan şəkərini bütöv çuğundurdan daha sürətli yüksəldə bilər. Lakin şirə formasında daha çox miqdarda çuğundurun qida maddələrini sürətlə qəbul etmək mümkündür.

Qadın sağlamlığına xüsusi faydaları
Menstruasiya zamanı qan itkisi ilə əlaqədar dəmir ehtiyatları azalır. Çuğundurdakı dəmir bu ehtiyatları bərpa etməyə, enerji səviyyəsini və immuniteti qorumağa kömək edir. Bir stəkan çiğ çuğundurda təxminən 1,09 mq dəmir var.

Çuğundurdakı folat (B9) dölün sağlam inkişafı üçün kritikdir və sinir borusu qüsurları riskini azaldır. Bir stəkan çiğ çuğundur gündəlik folat ehtiyacının təxminən 37%-ni qarşılayır. Lakin mütəxəssislər xatırladır ki, hamiləlikdən əvvəl və ilk trimestrdə sintetik fol turşusu takviyələri də vacibdir.

Menopozla birlikdə estrogen səviyyəsi düşür ki, bu da ürək-damar xəstəlikləri riskini artırır. Çuğundur şirəsindəki zəngin nitrat qan axınını yaxşılaşdırır və təzyiqi aşağı salır. Bu, ürək tutması və insult riskini azaltmaq üçün təbii dəstəkdir.

Nə qədər içilməlidir?
Diyetoloq Roxana Ehsani gündəlik yarım və ya maksimum bir stəkan çuğundur şirəsi ilə kifayətlənməyi tövsiyə edir.

Kimlər çuğundur şirəsi içməməlidir?
Xroniki böyrək xəstələri: Yüksək kalium tərkibinə görə təhlükəli ola bilər.

Diabet xəstələri: Yüksək şəkər və aşağı lif tərkibi qan şəkərini qəfil yüksəldə bilər.

Aşağı təzyiqi olanlar: Təzyiqi daha da sala biləcəyi üçün diqqətli olmalıdırlar.

Əgər hər hansı sağlamlıq probleminiz varsa, rasionunuza çuğundur şirəsi əlavə etməzdən əvvəl mütləq həkiminizlə məsləhətləşin.

Lalə Qüdrətova
Milli.Az