Azərbaycan Milli Konservatoriyasının “Mirasdan müasirliyə” adlı hesabat konserti baş tutdu – FOTO

16 May 2026 20:32

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Milli Konservatoriyasının "Mirasdan müasirliyə" adlı hesabat konserti baş tutdu. Azərbaycan musiqi sənətinin zəngin ənənələrini və müasir ifaçılıq məktəbini bir araya gətirən gecə dinləyicilərə unudulmaz sənət proqramı təqdim etdi.

Tədbir Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadənin çıxışı ilə açıldı.

Musiqili proqramda ilk olaraq dahi bəstəkar Ü.Hacıbəylinin "Cəngi" əsəri ifa edildi.Dirijorlar Ellada Məmmədova, Aysel Bağırovanın rəhbərliyi, Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə (konsertmeysterlər - Ağarəhim Salah, Zərrin Muradova, nağarada Siyavuş Kərimov və zərb alətlərində Səyyar Teymurov) solistlər - Xalq artisti Ənvər Sadıqov və tələbələri, (pianoda Taleh Ağayev, zərb alətlərində Elvin Bəşirov, Bəhram Mahmudov), Mənsum İbrahimov,  Elçin Həşimov (tar), Əməkdar artistlər Elnur Əhmədov (kamança), Emil Əfrasiyab (piano), Təyyar Bayramov, Bəyimxanım Vəliyeva, Ramil Qasımov, Zenfira İsmayılova, Fəridə Məmmədova və tələbələri, Salman Qəmbərov (piano), Pikə Axundova (bəstəkar), İbrahim Babayev və tələbələri, eləcə də Arifə İmanova, Nurəddin Tağıyev,  "Naz" vokal ansamblı  (bədii rəhbər Xanımana Məmmədzadə), Mədinə Şahgəldiyeva, Taleh Yahyayev və Leyla Abdulrəhimova, Natavan Həsənova (qanun), Surə Rufət Həsənli (violin), Cəlalə İsmayılzadə (violonçel), Svetlana Əhmədova (piano), Konservatoriyanım tələbələrindən ibarət xor kollektivinin (bədii rəhbər və dirijor Əməkdar müəllim Təranə Yusifova, pianoda Tamara Nəhmədova) iştirakı ilə Azərbaycan bəstəkarlarının əsərləri, Azərbaycan muğam və xalq musiqisi geniş şəkildə təqdim edildi.

"Mirasdan müasirliyə" adlı hesabat konserti Azərbaycan Milli Konservatoriyasının milli musiqi ənənələrinin qorunması, gənc istedadların inkişafı və peşəkar musiqi təhsilinin təbliği istiqamətində gördüyü işlərin parlaq nümunəsinə çevrildi.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az