Xırdalan şəhərinin Həsən Əliyev küçəsində yolun yararsız vəziyyətdə olması sakinlər və sürücülər üçün ciddi problem yaradıb.
Milli.Az xəbər verir ki, xüsusilə yağışlı günlərdə küçədə su yığılması artır, avtomobillərin hərəkəti çətinləşir və tıxac yaranır. Sakinlər bildirirlər ki, pis qoxu və çalalar həm nəqliyyat vasitələrinə ziyan vurur, həm də gündəlik hərəkəti çətinləşdirir.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinidən bildirildi ki, küçədə ilin əvvəlində cari təmir işləri aparılıb. Lakin son güclü yağışlardan sonra qrunt sularının aktivləşməsi nəticəsində yolun bəzi hissələri yenidən zədələnib və çalalar yaranıb. Bildirilib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib və yaxın vaxtlarda təmir işlərinə başlanacaq.
Qeyd olunub ki, Həsən Əliyev küçəsi hazırda davam edən Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu layihəsinə daxildir. Bu səbəbdən küçənin əsaslı təmiri hələlik planlaşdırılmır. Layihə çərçivəsində yolun 2026-2027-ci illərdə müasir standartlara uyğun şəkildə yenidən qurularaq istifadəyə verilməsi nəzərdə tutulur.
Asya
Milli.Az