"Fənərbağça"dan milyonluq təklif: Baş məşqçi o olacaq?

16 May 2026 10:36

"Fənərbağça"da fövqəladə ümumi yığıncaq öncəsi həm transferlər, həm də baş məşqçi məsələsi gündəmdə qalmaqda davam edir. Klubun yeni prezidentinin müəyyənləşəcəyi seçkilər ərəfəsində Portuqaliya mətbuatından yayılan xəbər isə azarkeşlər arasında böyük maraq doğurub.

Milli.Az xəbər verir ki, türkiyə mətbuatının məlumatına görə, Sadettin Saranın namizədlikdən geri çəkilməsindən sonra klub prezidenti postu uğrunda əsas mübarizə Aziz Yıldırım və Hakan Safi arasında gedəcək. Seçkilərin iyunun ilk həftəsində keçirilməsi planlaşdırılır.

Bu arada Portuqaliyanın "A Bola" nəşri "Fənərbağça"nın mövsümün sonunda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubundan ayrılmağa hazırlaşan portuqaliyalı mütəxəssis Jorje Jezuşla əlaqə saxladığını yazıb. İddiaya görə, tərəflər arasında razılıq əldə olunarsa, təcrübəli məşqçi karyerasının ən yüksək maaşını ala bilər. Təklif ediləcək məbləğin 15 milyon avrodan çox olduğu bildirilir.

Xəbərdə qeyd olunur ki, Jorje Jezuş artıq Avropaya qayıtmaq qərarı verib və mayın sonunda "Fənərbağça" prezidentliyinə namizədlərdən biri ilə görüş keçirəcək. Lakin onun komandaya dönüşü seçkilərin nəticəsindən də asılı olacaq.

Milli.Az