Son dövrlərdə Lənkəran şəhərində torpaq sahələrinin qiymətlərində nəzərəçarpacaq artım müşahidə olunur. Qiymətlər əsasən ərazilərin yerləşməsindən asılı olaraq dəyişir. Əmlak alqı-satqısı ilə məşğul olan şəxslərin sözlərinə görə, satış üçün uyğun torpaq sahələrinin sayı məhduddur. Bazara çıxarılan torpaqların əksəriyyəti sakinlərin həyətyanı sahələrindən ayırdığı kiçik ölçülü əsasən 2-3 sotluq ərazilərdir.
Milli.Az xəbər verir ki, alıcıların daha çox maraq göstərdiyi yerlər şəhərə yaxın kəndlər və şəhərətrafı ərazilərdir. Xüsusilə dəniz sahəsinə yaxın torpaqlar daha yüksək qiymətlə təklif olunur və bu ərazilərə tələbat kifayət qədər çoxdur.
Şəki şəhərində də oxşar vəziyyət müşahidə edilir. Mütəxəssislər bildirirlər ki, burada torpaq qiymətlərinin bahalaşmasına əsas təsir edən amillər yol infrastrukturunun yenilənməsi, Bakı istiqamətində nəqliyyat əlaqələrinin yaxşılaşdırılması və bölgəyə gələn turistlərin sayının artmasıdır.
Şəkidə daha münasib qiymətə torpaq sahələri yeni salınmış yaşayış massivlərində yerləşir. Həmin məhəllələrin bəzilərində hələ də qaz infrastrukturu tam qurulmayıb. Buna baxmayaraq, "Dodu" və "Soyuq Bulaq" kimi ərazilərdə torpaq qiymətləri daha yüksəkdir. Turizm obyektlərinin sıx yerləşməsi bu məhəllələrdə qiymət artımına ciddi təsir göstərir.
Asya
Milli.Az